Ombudsman Aparatının əməkdaşları “Uğura gedən yol əngəl tanımır” mövzusunda keçirilən tədbirdə iştirak ediblər
Xətai rayonu, Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində fərqli inkişaf xüsusiyyətlərinə malik olan uşaqların cəmiyyətə inteqrasiyasını dəstəkləmək, onların istedadlarını nümayiş etdirmək və ictimaiyyətin diqqətini inklüziv yanaşmaya yönəltmək məqsədilə “Uğura gedən yol əngəl tanımır” mövzusunda Bilik Günü tədbiri keçirilib.
Xətai Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Sosial Xidmətlər Agentliyi və “Koxlear İmplantlı Şəxslərə Sosial Yardım” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Ombudsman Aparatının Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sektorunun müdiri Aytən Tarverdiyeva və Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov iştirak ediblər.
Tədbirdə çıxış edən Ombudsman Aparatının nümayəndəsi qeyd edib ki, dövlət siyasətinin əsas prioritetlərindən biri sosial cəhətdən həssas qruplara, xüsusilə də əlilliyi olan şəxslərə dəstəyin gücləndirilməsidir. Bu kontekstdə ağır dərəcəli ikitərəfli sensonevral eşitmə azlığı olan uşaqlar üçün koxlear implantasiya əməliyyatlarının və ondan irəli gələn digər prosedurların İcbari Tibbi Sığortanın Xidmətlər Zərfi çərçivəsində ödənişsiz təqdim olunması xüsusi əhəmiyyət kəsb edir.
Eşitmə və nitq qabiliyyəti məhdud şəxslərin təhsil, sağlamlıq, məşğulluq və ictimai həyata bərabər əsaslarla qoşulması istiqamətində görülən işlərin vacibliyi də diqqətə çatdırılıb. Bununla əlaqədar bildirilib ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflər irəli sürür, eyni zamanda hüquqi maarifləndirmə tədbirləri vasitəsilə cəmiyyətdə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişafına dəstək göstərir.
Tədbirin bədii hissəsində fərqli inkişaf xüsusiyyətlərinə malik olan uşaqlar istedadlarını nümayiş etdirib, təşkilatçılar və günün qəhrəmanları olan uşaqlar təltif olunublar, həmçinin onların əl işlərindən ibarət sərgiyə baxış keçirilib.