azturkxeber.az
http://azturkxeber.az

Əbu-Dabidə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi Şurasının 29-cu iclası işə başlayıb

11-09-2025

Əbu-Dabidə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi Şurasının 29-cu iclası işə başlayıb

Sentyabrın 11-də Əbu-Dabidə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi (IRENA) Şurasının 29-cu iclası işə başlayıb. Tədbirdə 169 ölkəni və Avropa İttifaqını təmsil edən 400-dən çox hökumət rəsmisi iştirak edir.

Azturkxeber.az Birləşmiş Ərəb Əmirliklərinin mətbuatına istinadla bildirir ki, iki gün davam edəcək iclasda qurumun növbəti ikiillik strategiyasının hazırlanması, iş proqramları, inzibati və institusional tədbirlər kimi məsələlər müzakirə olunacaq.

IRENA-nın Baş direktoru Françesko La Kamera çıxışında bərpaolunan enerji sahəsində əldə edilən qlobal tərəqqiyə diqqət çəkib. O bildirib ki, ötən il yeni Günəş enerjisi istehsalı üzrə rekord (582 giqavat) qeydə alınıb. İlkin məlumatlara görə, 2025-ci ildə bu göstəricinin 700 giqavatı keçəcəyi gözlənilir.

Qeyd olunub ki, Günəş elektrik enerjisinin istehsal gücündə artım hələ 2030-cu ilə qədər bərpaolunan enerji gücünü üç dəfə artırmaq kimi qlobal hədəfə çatmaq üçün kifayət deyil. Belə ki, dünyanın iqlim hədəflərinə çatmaq üçün ildə 1 teravat (1.000 giqavat) artım zəruridir.

La Kamera vurğulayıb ki, dünya hazırda düzgün yolda irəliləsə də, iqlim dəyişikliyinin ən ağır təsirlərindən qaçmaq üçün hələ yubanır. O, xüsusilə Afrika, Karib hövzəsi, kiçik ada dövlətləri və Cənub-Şərqi Asiya kimi geridə qalan bölgələrdə prosesin daha ədalətli şəkildə sürətləndirilməsinin vacibliyini qeyd edib.

Baş direktor, həmçinin COP28-in nəticələrin nəzərdən keçirilməsi və enerji güclərinin ikiqat artırılması sürətinin müəyyənləşdirilməsi baxımından mühüm mərhələ olduğunu qeyd edib, COP29-un Bakıda əsas diqqəti qlobal maliyyə öhdəliklərinə yönəltdiyini, 2025-ci ilin noyabrında Braziliyada keçiriləcək COP30-un isə gələcək tədbirlərin vaxtını müəyyənləşdirəcəyini vurğulayıb. Həmin tədbirdə Paris Sazişinin uzunmüddətli hədəflərinə çatmaq üçün ölkələrin növbəti beşillik milli planlarını əks etdirən “NDC”lər (Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr) təqdim olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930