azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan nümayəndə heyəti FAST tərəfdaşlığının Roma görüşündə iştirak edib

11-09-2025

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Roma şəhərində yerləşən Baş Qərargahında FAST (Food and Agriculture for Sustainable Transformation) tərəfdaşlığının üzvlərinin növbəti iclası keçirilib. Tədbirdə Azərbaycanı Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini, FAST tərəfdaşlığının və Bakı Harmoniya İqlim Təşəbbüsünün əlaqələndiricisi Leyla Cabbarlı, həmçinin Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Təhminə İbrahimova təmsil ediblər.

Tədbirin açılış mərasimində FAO-nun İqlim Dəyişikliyi, Biomüxtəliflik və Ətraf Mühit Ofisinin direktoru Kaveh Zahedi, Azərbaycanın nümayəndə heyətinin rəhbəri Leyla Cabbarlı, Braziliyanın Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin Davamlı İstehsal və Suvarma Baş Direktorluğunun rəhbəri Bruno Brasil çıxış ediblər. Leyla Cabbarlı ötən ilin noyabrında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyətinə toxunub. O bildirib ki, Azərbaycan bu beynəlxalq tədbiri uğurla təşkil edib, İqlim Fəaliyyəti naminə COP29 Bəyannaməsi də daxil olmaqla bir sıra mühüm beynəlxalq təşəbbüslər qəbul olunub: “FAST və Harmoniya təşəbbüsü qlobal iqlim hədəflərini yerli reallıqlarla birləşdirən insan mərkəzli platformadır. Biz fermerlərimizi, xüsusilə qadın və gəncləri iqlimədavamlı təcrübələrə yiyələnməkdə, yaşıl maliyyəyə çıxış əldə etməkdə və siyasət formalaşdırılmasında dəstəkləyirik”.

İclasda FAST tərəfdaşlığının indiyədək nailiyyətləri, gələcək iş planının ilkin istiqamətləri və COP30 çərçivəsində Braziliya tərəfindən təqdim edilən “Raiz” təşəbbüsü müzakirə olunub. Tədbirdə həmçinin beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq və innovativ maliyyə həlləri müzakirə olunub, Çoxtərəfli inkişaf bankları (ÇİB) və aqrar inkişaf bankları ilə əməkdaşlıq imkanları, həmçinin qida, heyvandarlıq və yeni maliyyə alətləri üzrə həllər nəzərdən keçirilib.

Azərbaycan nümayəndə heyəti bu sessiyalarda fermerlərin maliyyəyə çıxış imkanlarının yaxşılaşdırılması, dövlət dəstəkləri ilə beynəlxalq iqlim maliyyəsinin daha effektiv inteqrasiyası və Harmoniya təşəbbüsünün regional təsirinin gücləndirilməsi barədə təkliflərlə çıxış edib.

Mütəxəssislər Roma görüşünü FAST tərəfdaşlığının gələcək fəaliyyətini formalaşdırmaq, iqlim maliyyəsinə çıxışı genişləndirmək və COP29-dan COP30-a qədər olan mərhələdə “COP-dan COP-a miras” yanaşmasını gücləndirmək üçün mühüm platforma olduğunu vurğulayıblar.

Qeyd edək ki, FAST tərəfdaşlığı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 27-ci sessiyasında (COP27) istifadəyə verilib, dayanıqlı kənd təsərrüfatı və ərzaq sistemləri üçün iqlim maliyyəsini artırmaq məqsədilə yaradılıb. Azərbaycan bu tərəfdaşlığın həmsədri kimi “Harmoniya” təşəbbüsünü flaqman proqram qismində irəli sürüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930