azturkxeber.az
http://azturkxeber.az

AQEM ilə Azərbaycan arasında dialoq və əməkdaşlıq məsələləri müzakirə olunub

11-09-2025

Sentyabrın 11-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Komitədən bildirilib ki, görüşdə çıxış edən Bahar Muradova Azərbaycanın geosiyasi mövqeyindən irəli gələrək, vacib dəhlizlərin inkişafına mühüm töhfələr verdiyini və AQEM-in Beyin Mərkəzləri Forumunun ilk dəfə olaraq Çindən kənarda məhz Azərbaycanda baş tutmasının əlamətdar olduğunu vurğulayıb. O, ölkəmizin digər beynəlxalq təşkilatlarda həyata keçirdiyi siyasətin AQEM-ə sədrliyi dönəmində də uğurla davam etdiriləcəyinə, Çin və Avropanın qovuşuğunda yerləşən Azərbaycanın xalqlar arasında sülhün, təhlükəsizliyin və əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

Komitə sədri, həmçinin dialoq üçün platforma olan AQEM-in artıq beynəlxalq təşkilata çevrilməkdə olduğunu, yenidən təsisatlanma və inkişaf dövrünü yaşadığını bildirib. Təşkilatın gələcək fəaliyyətində ailə institutunun əhəmiyyətinin və qadınların gücləndirilməsi məsələlərinin əsas xətt olacağını bildirən sədr bu yanaşmanın təşkilata üzv ölkələr arasında həmrəyliyə və cəmiyyətlərin inkişafına mühüm töhfə verəcəyinə inandığını diqqətə çatdırıb.

Kayrat Sarıbay AQEM-in mövcudluğu dövründə həyata keçirdiyi fəaliyyətlərə toxunaraq qeyd edib ki, təşkilat ötən müddət ərzində üzv dövlətlər arasında qarşılıqlı etimadın formalaşdırılması, təsisatlanma prosesinin gücləndirilməsi, eləcə də dialoqun təşviqi və birgə təşəbbüslərin həyata keçirilməsi istiqamətində əhəmiyyətli irəliləyiş əldə edib.

Baş katib Azərbaycanın AQEM-dəki fəal rolunu və sədrliyi dövründə irəli sürdüyü təşəbbüsləri yüksək qiymətləndirərək, təşkilatın inkişafı və beynəlxalq səviyyədə daha səmərəli fəaliyyət göstərməsi məqsədilə həyata keçirilən tədbirlərdən danışıb.

Görüş qarşılıqlı anlaşma və əməkdaşlıq ruhunda keçib. Tərəflər yaxın gələcəkdə AQEM çərçivəsində birgə tədbirlərin təşkili və əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində razılığa gəliblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930