azturkxeber.az
http://azturkxeber.az

Süni İntellekt Akademiyasının açılışı olub

08-09-2025

Sentyabrın 8-də Bakıda Süni İntellekt Akademiyasının (AI Academy) açılış mərasimi keçirilib.

Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iştirak ediblər.

Elm və Təhsil Nazirliyindən bildirilib ki, açılış mərasimində akademiyanın fəaliyyət planı, təhsil proqramları və ölkədə süni intellekt ekosisteminin inkişafına dair qarşıya qoyulan hədəflərlə bağlı məlumat verilib. İştirakçılar tədris mühiti və yaradılmış şəraitlə tanış olub, tələbələrlə təhsil prosesinə hazırlıq, onların gözləntiləri və gələcək planları barədə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, “AI Academy” “AZCON Holding”in dəstəyi ilə fəaliyyət göstərəcək tədris mərkəzidir. Akademiya “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”na əsasən yaradılıb.

Süni İntellekt Akademiyasının əsas məqsədi süni intellekt sahəsində mütəxəssislər hazırlamaq və ölkədə rəqəmsal transformasiyanı sürətləndirməkdir. Akademiya həmçinin gələcəkdə Azərbaycanı regionda süni intellekt təhsili və innovativ layihələrin tətbiqi üzrə aparıcı mərkəzə çevirməyi hədəfləyir.

Tədris proqramları beynəlxalq standartlara uyğun hazırlanıb və dünyanın aparıcı universitetlərinin təcrübəsinə əsaslanır. Akademik heyət süni intellekt və müasir texnologiyalar sahəsində zəngin təcrübəyə malik mütəxəssislərdən ibarətdir.

Akademiyanın fəaliyyətində qlobal elmi mühitə inteqrasiya prioritet istiqamətlərdən biridir. Bu məqsədlə süni intellekt sahəsində dünyanın aparıcı ali təhsil müəssisələri olan Massaçusets Texnologiya İnstitutu (MIT), Kaliforniya Universiteti, Karnegi Mellon Universiteti, Harvard Universiteti və Stanford Universiteti ilə əməkdaşlıq əlaqələri qurulub. Bu nüfuzlu universitetlərin professor və alimləri akademiyaya qonaq mühazirəçi kimi dəvət olunacaqlar.

Süni İntellekt Akademiyası fəaliyyətində elmi-tədqiqat işləri və innovativ layihələrin hazırlanması kimi istiqamətlərə xüsusi önəm verir. Burada təhsil alan gənclər və mütəxəssislər startap ideyaları üzərində işləmək, tətbiqi layihələrdə iştirak etmək və beynəlxalq təcrübədən faydalanmaq imkanına malik olacaqlar.

Tədbirdə, həmçinin süni intellekt geniş dil modeli prototipi təqdim olunub. Bu prototip ümumilikdə 10 milyard token və 1.2 milyon sintetik məlumat üzərində istiqamətli öyrənmə və tənzimləmələr aparılmaqla ərsəyə gətirilib. Layihə Azərbaycanın suveren süni intellekt potensialının mümkünlüyünü nümayiş etdirməklə yanaşı milli innovasiya ekosisteminin inkişafında mühüm mərhələ kimi dəyərləndirilir.

Akademiyanın təqdim etdiyi bütün tədris proqramları tam təqaüdlü əsaslarla həyata keçirilir. Proqramlara qəbulun növbəti mərhələləri və digər yeniliklər barədə məlumatlar “AI Academy”nin rəsmi veb-saytı və sosial media hesablarında yayımlanacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930