Qazaxıstan Prezidenti Xəzərdə suyun səviyyəsinin azalması barədə danışıb
Qazaxıstan Aral dənizi faciəsindən ciddi dərslər çıxarıb və 20 ildən artıqdır ki, onun bərpası üzərində sistemli şəkildə işləyir. Bunun sayəsində Şimali Aralı qorumaq mümkün oldu.
Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev sentyabrın 8-də xalqa müraciətində bildirib.
O vurğulayıb: “Su anbarının sahəsi 36%, suyun həcmi isə demək olar ki, iki dəfə artıb ki, bunun da nəticəsində minerallaşma göstəricisi iki dəfə azalıb. Lakin Aral dənizində suyun səviyyəsinin artırılması istiqamətində işlər fəal şəkildə davam etdirilməlidir”.
Onun sözlərinə görə, Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi vətəndaşları narahat edir.
Qazaxıstanın dövlət başçısı qeyd edib: “Müvafiq tədbirlər görülməzsə, vəziyyət daha da ağırlaşa, irimiqyaslı ekoloji fəlakətə gətirib çıxara bilər. Ona görə də bu yaxınlarda Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçirilən geniş iclasında bu problemə xüsusi diqqət yetirdim və ŞƏT-in Su Problemlərinin Öyrənilməsi Mərkəzinin yaradılması təşəbbüsü ilə çıxış etdim”.
Tokayev əlavə edib ki, Xəzər dənizi ilə bağlı yaranmış vəziyyət təkcə bir ölkənin deyil, bütün regionun taleyinə aiddir, ona görə də problemi yalnız birgə səylərlə həll etmək olar.
“Hökumət Xəzər dənizinin su ehtiyatlarının qorunması üzrə dövlətlərarası proqramın işlənib hazırlanmasına başlamalı, onu tərəfdaşlarla razılaşdırmalıdır. Ümumiyyətlə, bizim uşaqlarımızın və nəvələrimizin taleyi bilavasitə bu gün su sahəsinin problemlərini necə müdrikliklə həll etməyimizdən asılıdır”, -deyə Qazaxıstan Prezidenti bildirib.