azturkxeber.az
http://azturkxeber.az

Növbəli əkin üçün uyğundur, tez yetişir, bol məhsul verir - darı sahəsindən reportaj

08-09-2025

İmişlidə son illər darı sahələri genişlənir. Təkrar əkin olaraq becərilən darı həm tez yetişir, həm də bol məhsul verir, eyni zamanda, torpağın münbütləşməsinə də müsbət təsir göstərir.

İmişlidə cari ildə 1000 hektardan çox darı becərilib. Sahələrin 90 faizində biçin tamamlanıb. Fermerlər darı sahəsinin yerində taxıl əkmək üçün aqrotexniki işlərə hazırlaşırlar.

Rayonda darı becərən fermerlərdən olan Seyfəli Qədirov da bu sahənin gəlirli olduğunu bildirir. “Çox faydalı bitkidir, həm qısa müddətdə yetişir, həm də məhsuldarlığı çoxdur. Becərmə üçün yemləmə gübrəsi verdikdən sonra üç dəfə suvarılır. Hər hektara 150 kiloqram gübrə səpilir, bu da məhsudarlığı artırır. Dövlət tərəfindən subsidiya da verilir. Çox sərfəlidir, taxıl biçildikdən sonra sahə boş qalmır, eyni zamanda, torpaq qatının münbütləşməsinə çox müsbət təsir göstərir”, - deyə o vurğulayıb.

Darı bitkisinin faydalarından danışan İmişli Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçlik sektorunun rəhbəri Seymur Əsədov deyir ki, bitki təkrar əkin zamanı geniş istifadə edildiyini üçün fermerlərin bu sahəyə marağı artıb. “Darı çox qüvvətli yem bitkisi sayılır və təkrar əkində geniş istifadə olunur. Əsasən arpa və buğda biçilidikdən sonra şum işi aparılır və yerində darı səpini aparılır. Bu bitkinin vegetasiya müddəti 45-50 gündür, ona görə də təkrar əkin üçün çox faydalı hesab edilir. Payız fəslində isə arpa, buğda və yonca səpini əkilənə qədər darının biçini yekunlaşır. Məhsuldarlığı da yaxşı olur, hər hektara 40-50 sentner arasında məhsul verir", - deyə Seymur Əsədov bildirib.

S.Əsədovun sözlərinə görə, darı bitkisinin heyvandarlıqda yem bazası kimi çox böyük üstünlükləri var. Bitkinin tərkibi zülal və porteinlərlə zəngin olduğu üçün südlük və ətlik heyvanların bəslənməsində çox əhəmiyyətli sayılır, eyni zamanda, bitkinin kök hissəsi də yem olaraq heyvana verilir. Darının becərilməsi də çox sadədir, taxıl kimi səpilir və bir həftədən sonra, yəni çıxış alındığı dövrdə sahəyə yemləmə gübrəsi verilir, suvarma işi görülür.

Bitkinin əsas diqqət yetirilməli məqamı biçin vaxtıdır. “Darı süpürgə şəkilli olduğu üçün məhsul verimində sünbüllər aşağı doğru əyilir. Əgər çox quruyarsa, itkiyə səbəb olur. Buna görədə bitki sahədə tam qurumadan biçin aparmaq məqsədə uyğundur. Onu da deyim ki, cari ildə İmişlidə təkrar əkin olaraq 1000 hektardan çox darı becərilib. Bitkinin hər hektarına dövlət tərəfindən 120 manat subsidiya verilir ki, bu da fermerlər üçün əhəmiyyətli dəstəkdir”, - deyə Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçlik sektorunun rəhbəri bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930