Çin-Azərbaycan İkitərəfli İnvestisiya Təşviqi tədbiri keçirilib
Tədbirdə iki ölkə arasında qarşılıqlı sərmayələrin təşviqi, istehsalın lokallaşdırılması imkanları və yeni tərəfdaşlıqların qurulması müzakirə olunub.
Çinin Fuciən əyalətinin Siamen şəhərində keçirilən 25-ci Çin Beynəlxalq İnvestisiya və Ticarət Sərgisi (“CIFIT 2025”) çərçivəsində Azərbaycan və Çinin iqtisadiyyat və ticarət nazirliklərinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Azərbaycanın Çindəki ticarət nümayəndəsi Aparatının birgə təşkilatçılığı ilə Çin-Azərbaycan İkitərəfli İnvestisiya Təşviqi tədbiri keçirilib. Tədbirə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, energetika, nəqliyyat-logistika, kənd təsərrüfatı, İKT və digər sahələrdə fəaliyyət göstərən 100-dək sahibkar qatılıb.
Tədbirin açılış mərasimində çıxış edən Baş nazirin müavini Şahin Mustafayev bildirib ki, Azərbaycan-Çin münasibətləri yeni mərhələyə qədəm qoyub və ölkələrimiz arasında hərtərəfli strateji tərəfdaşlığın qurulması ticarət və investisiya əməkdaşlığına güclü təkan verib. O, bu müsbət tendensiyanın davamlılığını ölkələrimizin “Bir kəmər, bir yol” təşəbbüsündə fəal və birgə iştirakı ilə əlaqələndirib.
Çinin ticarət nazirinin müavini Lin Ci ölkəsinin Azərbaycanla iqtisadi əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini, Çin şirkətlərinin Azərbaycanla ticarət, logistika, sənaye, və “yaşıl” enerji sahələrində sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. O, həmçinin ölkələrimizin ikitərəfli ticarət və investisiya əlaqələrində son illər artan göstəricilər haqqında danışıb.
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Çinin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğunu qeyd edərək, investisiya əlaqələrinin praktiki müstəvidə inkişaf etdiyini vurğulayıb. Sənaye istehsalı, bərpa olunan enerji, kənd təsərrüfatı və İKT sahələrində birgə təşəbbüslərin uğurlu icrası, qarşıdakı dövrdə istehsalın lokallaşdırılması və texnologiya transferinə xidmət edəcək ortaq layihələr haqqında məlumat verilib.
Energetika nazirinin müavini Elnur Soltanov isə ölkəmizin günəş və külək enerjisi potensialı ilə Çinin qabaqcıl texnologiyalarının sintezi birgə layihələrin uğurla həyata keçirilməsinə şərait yaratdığını və gələcəkdə enerji keçidi üzrə tərəfdaşlığımızın daha da genişlənəcəyini bildirib.
Tədbirdə həmçinin AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, Dövlət Neft Fondunun icraçı direktorunun müavini Bəhruz Bəhramov, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədrinin müavini İsmayıl Manafov, Çinin İnvestisiyaların Təşviqi Agentliyinin direktoru Liu Mincyan və Çin İnvestisiya Korporasiyasının Birbaşa investisiyalar departamentinin direktoru Janq Şuo hər iki ölkənin investisiya iqlimi, qarşılıqlı faydalı investisiya təşəbbüslərinin reallaşdırılması və ticarətin təşviqi barədə çıxışlar edib, təqdimatlar keçiriblər.
Bununla yanaşı, tədbir çərçivəsində keçirilən panel sessiyada Azərbaycan İnvestisiya Holdinqi, İqtisadi Zonaların İnkişafı Agentliyi, Çinin Horqos İqtisadi İnkişaf Zonası və hər iki ölkənin sənaye və İKT kimi sahələrində fəaliyyət göstərən şirkət nümayəndələri ikitərəfli işgüzar təmasların gücləndirilməsinə dair fikirlərini bölüşüb, təkliflərini irəli sürüblər. Tədbir B2B görüşlərlə davam edib.