ARDNF və Çin İnvestisiya Korporasiyası arasında əməkdaşlığın konkret istiqamətləri müəyyən edilib
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Çinə işgüzar səfəri çərçivəsində Çin İnvestisiya Korporasiyasının sədri və icraçı direktoru Qingsong Zhang ilə görüş keçirilib.
Fondun məlumatına görə, görüşdə ARDNF və Çin İnvestisiya Korporasiyası arasında əməkdaşlığın konkret istiqamətləri üzrə müzakirələr aparılıb, ortaq layihələrin həyata keçirilməsi üzrə növbəti addımlar müəyyən edilib.
Səfər çərçivəsində nümayəndə heyəti Çin Xalq Respublikasının ali dövlət nümayəndəsinin iştirakı ilə təşkil olunan dəyirmi masa görüşündə iştirak edib. Qlobal səviyyədə aparıcı təsisat rəhbərlərini bir araya gətirən bu platforma Çində aktiv investisiya fəaliyyəti həyata keçirən investorlarla hökumət nümayəndələri arasında birbaşa fikir mübadiləsi aparmaq üçün mühüm imkan yaradıb.