IDEA İctimai Birliyi tərəfindən Masallıda çaykənarı ərazi təmizlənib
IDEA İctimai Birliyinin əməkdaşları və könüllüləri tərəfindən Viləşçayın Masallı rayonu İstisu kəndi ərazisindən keçən bir hissəsində təmizlik aksiyası həyata keçirilib.
IDEA-dan verilən məlumata görə, iməcilik iştirakçıları şəxsi sağlamlıq və təhlükəsizliyin qorunması, eləcə də fəaliyyətin daha effektiv təşkil olunması məqsədilə xüsusi geyimlər, əlcəklər və digər zəruri ləvazimatlarla təmin olunub.
Toplanan tullantıların ümumi həcmi 1 tona yaxın olub və onların böyük hissəsini birdəfəlik istifadə olunan plastik məhsullar təşkil edib ki, bu tip tullantılar torpaq və su ekosistemini ciddi şəkildə çirkləndirir. Təşkil olunan təmizlik aksiyaları sadəcə tullantıların toplanması ilə məhdudlaşmır, eyni zamanda dayanıqlılıq və ekoloji balansın qorunması baxımdan mühüm əhəmiyyət kəsb edir.
IDEA vətəndaşları bir daha yaşıl və sağlam gələcək naminə təbiətə qarşı həssas və məsuliyyətli yanaşmağa və ətraf mühitin çirklənməsi halları ilə rastlaşdıqda “1113-Təbiətə Təcili Yardım” qaynar xətti vasitəsilə IDEA İctimai Birliyinə məlumat verməyə çağırır.