Gəncədə əlilliyi olan qadınların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi məsələləri müzakirə edilib
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi tərəfindən BMT-nin Etimad Fondunun dəstəyi ilə icra olunan “Bakı, Gəncə şəhərləri, Qusar, Quba, Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində növbəti tədbir Gəncə şəhərində təşkil olunub.
Təlimdə Gəncə Şəhər İcra Hakimiyyətinin, şəhərdə fəaliyyət göstərən regional idarələrin, həmçinin qeyri-hökumət təşkilatları və ictimai birliklərin nümayəndələri iştirak ediblər. Toplantıda əlilliyi olan qadın və qızların hüquqları, onlara psixoloji dəstəyin göstərilməsi, sosial müdafiənin gücləndirilməsi və məşğulluq imkanlarının artırılması ilə bağlı geniş müzakirələr aparılıb.
Qeyd olunub ki, layihənin əsas məqsədi sağlamlıq imkanları məhdud qadın və qızların dövlət və bələdiyyə səviyyəsində ictimai xidmətlərə maneəsiz çıxışının təmin edilməsi, zorakılıq risklərinin azaldılması və sosial müdafiə mexanizmlərinin gücləndirilməsidir. Son üç ildə Bakı, Gəncə, Quba və Xaçmazda bu istiqamətdə bir sıra uğurlu fəaliyyətlər həyata keçirilib, yerli icra orqanları və aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq inkişaf etdirilib.
Təlimin sonunda yeni dəstək qruplarının yaradılması, şəbəkələşmənin gücləndirilməsi və innovativ ideyaların paylaşılması ilə bağlı təkliflər irəli sürülüb, iştirakçılara sertifikatlar təqdim olunub.