BMT Baş katibi Afrika xalqları üçün ədalət və bərabərliyə çağırıb
Hər il avqustun 31-də qeyd olunan Beynəlxalq Afrika Mənşəli İnsanlar Günündə BMT-nin Baş katibi Antonio Quterreş bütün dünyada Afrika əsilli insanlar üçün ədalətə, ləyaqətə və bərabərliyə çağırıb.
Baş katibin müraciətində Afrika mənşəli insanların cəmiyyətin fəaliyyətinin bütün sahələrində “fövqəladə” töhfələri vurğulanıb. O, həmçinin sistematik irqçilik, qeyri-bərabər iqtisadiyyatlar və cəmiyyətlər, rəqəmsal uçurum (rəqəmsal texnologiyadan faydalana bilənlərlə çıxışı olmayanlar arasında) kimi mənfi tendensiyaları ehtiva edən köləlik və müstəmləkəçiliyin təsirinin hələ də qaldığını qeyd edib.
A.Quterreş 2024-cü ildə qəbul olunmuş Gələcək Paktının bir hissəsi kimi təsbit və bu günün reallıqlarını əks etdirən, hamı üçün hər yerdə çoxtərəfli sistemi təşviq edən Qlobal Rəqəmsal Sazişi irəliyə doğru bir addım kimi qiymətləndirib, rəqəmsal texnologiyalarda ayrı-seçkilik və nifrət ritorikası ilə mübarizə üzrə öhdəlikləri diqqətə çatdırıb. Baş katib əlavə edib: “Ağların üstünlüyü və insanlığı pozan rəvayətlər sosial media tərəfindən gücləndirilir və çox vaxt irqi qərəzlilik alqoritmlərdə kodlanır”.
BMT rəhbəri bildirib: “Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin hər bir insanın bərabər hüquqlarını və təbii ləyaqətini bir daha təsdiq etməsindən səksən il və irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın qəbulundan altmış il keçdikdən sonra tarixi səhvləri düzəltməyin vaxtı çoxdan çatıb”.
Builki Beynəlxalq Gün 2025-ci il yanvarın 1-dən 2034-cü il dekabrın 31-dək davam edəcək Afrika mənşəli insanlar üçün ikinci Beynəlxalq Onillikdə ilk dəfə keçirilir. A. Quterreş vurğulayıb: “Afrika əsilli insanlar: Tanınma, ədalət və inkişaf” mövzusunu əhatə edən onillik Afrika xalqlarının hüquqlarının əhəmiyyətini vurğulamaq məqsədi daşıyır”. O, Afrika xalqlarının insan hüquqlarına tam hörmətlə bağlı Birləşmiş Millətlər Təşkilatının Bəyannaməsi istiqamətində işləmək də daxil olmaqla, növbəti on ili “real dəyişiklik” dövrünə çevirməyə çağırıb.
Birinci onillikdə 30-dan çox ölkə irqi ayrı-seçkiliklə mübarizə aparmaq və Afrika mənşəli insanların üzləşdiyi xüsusi problemləri həll etmək üçün qanunlarını və siyasətlərini dəyişib. Bu məqsədlə Daimi Forum yaradılıb və diasporun, o cümlədən qadınların və qızların töhfələrini qeyd etmək üçün yeni proqramlar hazırlanıb.
2015 və 2024-cü illər arasında əldə edilmiş tərəqqiyə əsaslanaraq, ikinci onillik Afrika mənşəli fərdlər üçün ədalət və inkişaf istiqamətində qlobal səyləri gücləndirməyə, onların arzularının və hüquqlarının tam şəkildə tanındığı, hörmət edildiyi daha ədalətli gələcək yaratmağa həsr olunub.