Azərbaycan Səhiyyə Nazirliyində Fələstin səfiri ilə görüş keçirilib
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində Fələstin Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Əhməd Metani ilə görüş keçirilib.
Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev xalqlarımız arasında münasibətlərin inkişafında dövlət başçılarının müstəsna rolunu vurğulayıb. Nazir Azərbaycan ilə Fələstin arasında həm ikitərəfli, həm də bir sıra beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində səmərəli əməkdaşlığın mövcudluğunu məmnunluqla qeyd edib.
Teymur Musayev, həmçinin Azərbaycan və Fələstin arasında səhiyyə sahəsində əməkdaşlığın inkişafı üçün potensialın mövcudluğunu diqqətə çatdırıb.
Sonda Azərbaycanın səhiyyə naziri gələcəkdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib.
Öz növbəsində Əhməd Metani Fələstinə göstərdiyi humanitar yardımlara görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib. Onun sözlərinə görə, ölkələrimiz arasında tarixi və ənənəvi dostluq münasibətlər mövcuddur: “Azərbaycan ilə Fələstin arasında münasibətlər həmrəylik, dostluq və qarşılıqlı hörmət prinsipləri çərçivəsində uğurla inkişaf edir”.
Səfir, həmçinin Azərbaycanın Səhiyyə Nazirliyi ilə səmərəli əməkdaşlığın qurulmasında maraqlı olduğunu bildirib.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.