“Air Astana” şirkətinə məxsus təyyarə texniki nasazlıq səbəbindən təcili eniş edib
Qazaxıstanın Almatı şəhərindən Aktauya uçan “Air Astana” aviaşirkətinə məxsus təyyarə texniki nasazlıq səbəbindən təcili eniş edib.
Sərnişinlərin sözlərinə görə, uçuş zamanı salonda qəribə səslər eşidilib və 30-40 dəqiqəlik uçuşdan sonra təyyarə yüksək sürətlə enməyə başlayıb.
Aviaşirkətin bəyanatında qeyd olunur ki, avqustun 31-də Almatı-Aktau marşrutu üzrə hərəkət edən KC 859 reysinin ekipajı Aktauya yaxınlaşarkən texniki nasazlıq barədə məlumat verib və təlimata uyğun olaraq prioritet eniş tələb edib.
“Bundan sonra təyyarə təhlükəsiz uçuş səviyyəsinə enərək Aktau hava limanına təhlükəsiz eniş edib”, -deyə məlumatda bildirilir.
Hazırda təyyarəyə texniki baxış keçirilir.