azturkxeber.az
http://azturkxeber.az

Milli Kitabxanada “Şıxəli Qurbanov-100” adlı ənənəvi kitab sərgisi açılıb

23-08-2025

Milli Kitabxanada Azərbaycan yazıçısı, dramaturq, şair, filoloq-alim, dövlət və ictimai xadim, filologiya elmləri doktoru, Dövlət mükafatı laureatı Şıxəli Qurbanovun anadan olmasının 100 illik yubileyi münasibətilə “Şıxəli Qurbanov-100” adlı ənənəvi kitab sərgisi açılıb.

Sərgidə görkəmli alim-dramaturq, ictimai xadim Şıxəli Qurbanovun bədii əsərləri, kommediyaları, şeirləri, həyat və yaradıcılıq yolu, elmi-ədəbi irsi haqqında Azərbaycan və rus dillərində ədəbiyyatlar, dövri mətbuat materialları nümayiş olunur.

Azərbaycan ədəbiyyatı və ictimai həyatında xüsusi yeri olan Şıxəli Qurbanov 1950-ci ildə Azərbaycan Pedaqoji İnstitutunda (indiki ADPU) təhsil aldıqdan sonra Azərbaycan ədəbiyyatı kafedrasında aspirant, eyni zamanda rus ədəbiyyatının tədrisi üzrə müəllim işləyib.

1956-cı ilin iyununda “A.S.Puşkin və Azərbaycan poeziyası” mövzusunda dissertasiya müdafiə edib, filologiya elmləri namizədi alimlik dərəcəsi alıb. 1958-ci ilin yanvarından Pedaqoji İnstitutda baş müəllim, dosent vəzifələrində çalışıb. 1961- 1966-cı illərdə Azərbaycan SSR EA Nizami adına Ədəbiyyat və Dil İnstitutunun Ədəbi əlaqələr şöbəsinin müdiri işləyib.1964-cü ildə filologiya elmləri doktoru elmi adını alıb. Müxtəlif ictimai-siyasi vəzifələrdə çalışıb.

1958-1961-ci illər ərzində bir sıra səhnə əsərləri “Rəis məşğuldur”, “Əcəb işə düşdük”, “Özümüz bilərik”, “Olmadı elə, oldu belə”, “Sənsiz” pyeslərini, “Bahadır və Sona” librettosunu qələmə alıb.

1966-cı ildə yazdığı “Milyonçunun dilənçi oğlu” komediyası uzun müddət teatr səhnələrində oynanılıb.

Onun lirik şeirlər, poema, hekayə və tənqidi məqalələri mətbuatda müntəzəm çap olunub.

Şıxəli Qurbanov bir sıra orden və medallara, həmçinin 1967- ci ildə “Üzeyir Hacıbəyov adına Respublika Dövlət mükafatı”na layiq görülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031