Milli Kitabxanada “Yazıçı-şair İlqar Fəhmi” adlı kitab sərgisi açılıb
Milli Kitabxanada şair, yazıçı, kinodramaturq İlqar Fəhminin anadan olmasının 50 illik yubileyi münasibətilə “Yazıçı-şair İlqar Fəhmi” adlı kitab sərgisi açılıb.
Sərgidə İlqar Fəhminin hekayələri, povestləri və romanları, şeirlər, kinoromanlar, publisistik yazılar, telepyeslər, ssenarilər toplusu, tərcümələri, ön sözün müəllifi, məsləhçi və redaktor olduğu kitablar, yaradıcılığı haqqında ədəbiyyatlar, dövri mətbutda çap olunan məqalələr nümayiş olunur.
Qeyd edək ki. İlqar Fəhmi (Paşayev İlqar Əliabas oğlu) 18 avqust 1975-ci ildə Bakının Zirə kəndində ziyalı ailəsində anadan olub. 1992-1996-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb, sonradan Belarusiya Dövlət İqtisad Universitetini bitirib.
1995-ci ildən bədii yaradıcılıqla məşğul olur. Uzun illər Bakı və Abşeronda əruz məclislərinin iştirakçısı olub. Müxtəlif ədəbi əsərlərdən ibarət on səkkiz kitabı dərc edilib. Əsərləri bir çox xarici ölkələrdə nəşr edilib.
O, “Aforizmalar və ya bədbəxt adamın qeydləri”, “Sirr”, “Bakı şəhərinin poetikası”, “Bakı tarixindən kollaj” romanı və bir sıra hekayə, esse və tərcümə əsərləri ilə məşhurdur.
İlqar Fəhmi çağdaş Azərbaycan ədəbiyyatında intellektual ədəbiyyatın, yeni düşüncə və bədii təfəkkürün təbliğatçısıdır. O, bədii yaradıcılıqda yeniliyə, cəsarətli və fərqli mövqeyə, müasir insana uyğun yeni dəyərlərin və axtarışların vacibliyini önə çəkir.
Onun yaradıcılığı oxucu üçün yeni ədəbi baxış, dərin psixologizm, fərqli düşüncə, orijinal bədii dil və qeyri-adi qəhrəman tipləri təqdim edir. İlqar Fəhmi Azərbaycan ədəbi ənənələrini qorumaqla yanaşı, Qərb və Şərq ədəbiyyatının sintezini, qloballaşan dünyanın yeni bədii düşüncə tərzini də ədəbiyyata gətirir. İlqar Fəhmi, həmçinin Azərbaycan və dünya klassiklərindən etdiyi yüksək səviyyəli bədii tərcümələri ilə də tanınır.
İlqar Fəhmi Azərbaycan ədəbi və mədəni mühitində fəal ictimai sima kimi tanınır. O, 2003-cü ildə "İlin ən yaxşı gənc şairi" mükafatına, 2007-ci ildə "Rəsul Rza" ədəbi mükafatına, 2008-ci ildə Rusiyada MDB ölkələri gənc şairləri arasında keçirilən Poeziya yarışının diplomuna, 2011-ci ildə isə "Bakı tarixindən kollaj" əsərinə görə "Humay" mükafatına layiq görülüb. 2021-ci ildə Mədəniyyət Nazirliyinin təsis etdiyi "Nizami Gəncəvinin 880 illiyi (1141-2021)" xatirə nişanı, 2024- cü ildə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilib.