Naxçıvanda nöqsanlar aşkarlanan kafenin fəaliyyəti məhdudlaşdırılıb
Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı Naxçıvan şəhəri 57-ci məhəllədə fəaliyyət göstərən “Faytonçu” kafesində ciddi nöqsanlar aşkar edilib.
Agentlikdən bildirilib ki, kafedə gigiyenik qaydalara əməl olunmadığı, alət və avadanlıqların yararsız vəziyyətdə olduğu, dezinfeksiya işlərinin aparılmadığı, temperatur rejiminə və mal qonşuluğu prinsipinə riayət olunmadığı, işçilərin tibbi müayinələrdən keçmədiyi, tavan və döşəmənin tamlığının pozulduğu aşkarlanıb.
Aşkarlanmış nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib və çatışmazlıqlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb. Agentlik tərəfindən bu kimi halların baş verməməsi məqsədilə bütün qida obyektləri dəfələrlə maarifləndirilib və müvafiq göstərişlər verilib. Verilmiş tapşırıqların yerinə yetirilməsi və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində nəzarət tədbirləri davam etdirilir və aşkarlanmış nöqsanlarla bağlı zəruri tədbirlər görüləcək.