Tez pensiyaya çıxmaq imkanı genişləndi: Kimlər 5 İl əvvəl təqaüdə gedə biləcək?
Baş nazir Əli Əsədov “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda dəyişiklik edilməsi barədə qərar imzalayıb. Yeni qərara əsasən, siyahıya əlavə peşələr və vəzifələr daxil edilib. Beləliklə, qızıl otağının nəzarətçiləri, emal, qırma, daşıma və torpaq-ələviləşdirmə sahələrində çalışan nəzarətçilərlə yanaşı, mühəndislər, o cümlədən elektrik mühəndisləri və metallurqlar da güzəştli pensiya hüququ olan şəxslər sırasına daxil ediliblər.
Azturkxeber.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov məlumat paylaşıb.
Deputat bildirib ki, Nazirlər Kabinetinin son dəyişiklikləri fonunda vətəndaşlar arasında ən çox ünvanlanan suallardan biri də güzəştli şərtlərlə pensiya hüququnun kimlərə aid olunması ilə bağlıdır.
Onun sözlərinə görə, daha tez pensiyaya çıxmaq hüququ yalnız çoxuşaqlı ailələrə deyil, bir sıra digər vətəndaşlara da şamil edilir:
> “Güzəştli şərtlərlə pensiya hüququ “Əmək pensiyaları haqqında” Qanunla tənzimlənir. Belə ki, Qanunun 8-ci maddəsində “uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxslər”, 9-cu maddəsində isə “digər güzəştli şərtlərlə pensiya hüququ olan şəxslər” müəyyən edilib.”
Bu qanuna əsasən:
Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək uşaqları övladlığa və ya qəyyumluğa götürmüş şəxslər;
Beş və ya daha çox uşağı olan, yaxud əlilliyi olan uşağa sahib olan qadın və kişilər (uşaqlar səkkiz yaşınadək sağ olmalıdır)
yaşa görə pensiyaya 5 il daha tez çıxmaq hüququna malikdirlər. Bu halda analar 59, atalar isə 60 yaşında pensiya ala bilirlər.
Qanunun 9-cu maddəsinə əsasən isə:
Güzəştli şərtlərlə pensiya hüququ verilən iş sahələrində — məsələn, incəsənətin xüsusi sahələri, yeraltı və zərərli iş şəraitinə malik peşələrdə — azı 12 il 6 ay (kişilər), yaxud 10 il (qadınlar) çalışan şəxslərin də pensiya yaşı 5 il azaldılır.
Hipofiz nanizmi (liliput) və ya fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslər üçün isə, azı 5 il sığorta stajı olduğu halda, pensiya yaşı 20 il azaldılır.
Mülki aviasiyada uçuş və uçuş-sınaq heyətində çalışanlar azı 25 il, səhhətinə görə uçuşdan azad olunmuş şəxslər isə 20 il sığorta stajı ilə 15 il tez pensiyaya çıxa bilirlər.
Prokurorluq, hərbi xidmət, ədliyyə və digər dövlət orqanlarında çalışan şəxslər də xidmət müddətindən asılı olaraq daha tez pensiya alma hüququna malikdirlər.
Vüqar Bayramov əlavə edib ki, pensiya sistemində aparılan islahatlar çərçivəsində yaş həddinin müəyyənləşdirilməsində yalnız kəmiyyət deyil, həm də keyfiyyət göstəricilərinə əsaslanmaq daha aktual hala gəlib. Bu baxımdan, daha çox vətəndaşın erkən pensiya hüququ əldə etməsi üçün yeni təkliflər də hazırlanmaqdadır.