Ali Məclis sədrinin birinci müavini, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Bəxtiyar Məmmədov gənc şahmatçı Yasin Əzimovla görüşüb
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Bəxtiyar Məmmədov gənc şahmatçı Yasin Əzimov, atası Şahin Əzimov və müəllimi Urfan Sevdimalıyev ilə görüşüb.
Görüş zamanı qazandığı nailiyyətlər münasibətilə gənc şahmatçını təbrik edən Bəxtiyar Məmmədov, onun ölkəmizi beynəlxalq turnirlərdə uğurla təmsil etməsini yüksək qiymətləndirib. Bildirilib ki, Yasin Əzimovun uğurları təkcə zəhmətin deyil, eyni zamanda ailəsinin və onu yetişdirən müəllim-məşqçilərin birgə səylərinin nəticəsidir.
Vurğulanıb ki, Yasin Əzimov 11 yaşında FIDE-nin Candidate Master titulunu qazanaraq muxtar respublikada bu ada layiq görülən ən gənc şahmatçılardan biri olub. Onun hazırda FIDE reytinqi 2097-dir və mütəmadi olaraq beynəlxalq yarışlarda iştirak etməklə bu göstəricini yüksəltməkdədir. İstedadlı şahmatçı 2023-cü ildə Albaniyanın Durres şəhərində keçirilən məktəblilərin şahmat üzrə Avropa çempionatında 1-ci yerə layiq görülüb. Eyni zamanda, Türkiyənin bir sıra şəhərlərində keçirilən beynəlxalq turnirlərdə də uğurlar qazanıb.
Görüşdə Yasin Əzimovun gələcək hədəfləri barədə də fikir mübadiləsi aparılıb. Gənc şahmatçıya qarşıdan gələn Malatya və Bitlis beynəlxalq turnirlərində uğurlar arzulanıb.
Sonda Yasin Əzimova Ali Məclis sədrinin birinci müavini, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Bəxtiyar Məmmədov tərəfindən hədiyyə təqdim olunub.