MENA agentliyi: “Əkinçi” xalqlar və ölkələr arasında mədəni körpü rolunu oynayırdı
Misirin “əş-Şarq əl-Avsət” (MENA) rəsmi xəbər agentliyində Azərbaycan milli mətbuatının 150 illiyi ilə bağlı yazı nəşr olunub.
Yazıda görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış milli mətbuatımızın ilk nümunəsi olan “Əkinçi” qəzeti və onun cəmiyyətində oynadığı rol barədə danışılır.
Məqalədə Misir və Azərbaycan mətbuatının tarixinə qısa nəzər salınır. Qeyd olunur ki, Misirdə mətbuat bir neçə il əvvəl yaransa da, onları eyni və oxşar məqsədlər birləşdirirdi. Hər ikisi xalqlarının maariflənməsinə və müstəqil milli kimliyin təbliğinə çalışırdı.
Yazıda “Əkinçi”nin qısa ömür sürməsinə baxmayaraq, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu vurğulanır. Diqqətə çatdırılır ki, bu tarixi hadisə Azərbaycanın müasir mədəni kimliyinin formalaşmasında həlledici rol oynamış böyük mütəfəkkir və yazıçılar nəslinin yetişməsinə töhfə verib.
Qeyd olunur ki, “Əkinçi” qəzeti həm də ensiklopedik mənbə idi, Azərbaycan oxucusuna dünya mədəniyyəti, tarixi, iqtisadiyyatı haqqında məlumatlar verirdi. O, xalqlar və ölkələr arasında mədəni körpü rolunu oynayırdı. Onun səhifələrində qonşu xalqlar və dünya ölkələri, o cümlədən Misir haqqında maraqlı məlumatlar var idi. Məsələn, qəzetin 5 avqust 1875-ci il tarixli nömrəsində Süveyş kanalının tikintisi barədə yazılır, kanalın bölgədə ticarəti inkişaf etdirəcəyi qeyd olunur.
Məqalədə, həmçinin “Əkinçi”dən sonra Azərbaycan mətbuatında maarifçilik ideyalarının davam etdirildiyi bildirilir, “Molla Nəsrəddin”, “Ziya”, “Kaspi”, “Kəşkül”, “Həyat”, “Füyuzat” və s. qəzetlərin adları qeyd olunur.
Nəşrdə bildirilir ki, müasir dövrdə Azərbaycan mətbuatının, mediasının inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Azərbaycanın Ümummilli Lideri mətbuatın cəmiyyətə təsirini daim yüksək qiymətləndirmiş, mətbuat və ifadə azadlığının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirmişdir.
Eyni zamanda, yazıda vurğulanır ki, 105 illiyini qeyd edən rəsmi xəbər agentliyi olan AZƏRTAC ölkə mediasının və jurnalistikasının dayaqlarından biridir.