Çində qlobal süni intellekt sərgi-konfransı açılıb
Çinin Şanxay şəhərində süni intellekt (AI) sahəsində son nailiyyətləri nümayiş etdirən Ümumdünya AI Konfransı açılıb.
Konfrans çərçivəsində təşkil olunan böyük sərgidə Çinin və dünyanın texnologiya şirkətləri süni intellekt, yeni çip modelləri, humanoid robotlar, xidmət sahəsində tətbiq edilən maşınlar və pilotsuz nəqliyyat vasitələri, o cümlədən AI tərəfindən idarə olunan uçuş aparatlarını təqdim ediblər.
Çin şirkətlərinin kommersiya əsasında istehsalına başladığı humanoid robotlar konfrans iştirakçıları qarşısında rəqs edib, onlara müxtəlif xidmətlər göstərib. Bununla yanaşı, texnologiya nəhəngləri mobil rabitə və kommunikasiya sahələrində istifadə olunan müxtəlif cihazlar, yeni pilotsuz taksilər, məişətdə, xüsusən “ağıllı” binalarda geniş funksiyaları icra edən və süni intellekt əsasında işləyən robotlar, digər texnoloji yenilikləri təqdim ediblər.