Qubada tələbələr və şəhid-qazi övladları üçün yay düşərgəsinin açılışı olub
Bakı Dövlət Universiteti (BDU), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya Regional Mərkəzi, "BDU könüllüləri" təşkilatı və "Əmanət" Şəhid və Qazi Övladlarının Fərdi İnkişafına Dəstək Layihəsinin təşkilatçılığı ilə Qubada "Konstitusiya və Suverenlik İli" çərçivəsində tələbələr və şəhid-qazi övladları üçün yay düşərgəsinin açılışı olub.
BDU-dan bildirilib ki, düşərgə iştirakçıları əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib və önünə gül dəstələri qoyublar.
Universitetin Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov düşərgəni açıq elan edib və “BDU könüllüləri” təşkilatının fəal rolunu vurğulayıb. O, universitetdə həyata keçirilən vətənpərvərlik yönümlü layihələrin gənclərin formalaşmasına, sosial məsuliyyətlərinin artırılmasına mühüm töhfə verdiyini qeyd edib. Daha sonra düşərgənin proqramı haqqında iştirakçılara məlumat verib.
İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzinin baş direktorunun müavini Ramin Həbibzadə düşərgənin təşkilində əməyi keçən bütün qurumlara və şəxslərə təşəkkürünü bildirib və düşərgə müddətində tələbə və şəhid-qazi övladları üçün yaradılan şəraitdən bəhs edib.
"Əmanət" Şəhid və Qazi Övladlarının Fərdi İnkişafına Dəstək Layihəsinin rəhbəri Sərxan Bağırlı isə çıxışında bu təşəbbüsün gənclərin və uşaqların inkişafına xidmət etdiyini qeyd edib. O vurğulayıb ki, bu, layihə çərçivəsində keçirilən V yay düşərgəsidir.
Qeyd edək ki, Qubada BDU-nun Tədris-Təcrübə və İstirahət Mərkəzində iyulun 26-29-da təşkil olunan düşərgə çərçivəsində iştirakçılar üçün təlimlər, məlumatlandırıcı sessiyalar, mədəni tədbirlər və asudə vaxtın təşkili üçün əyləncəli oyunlar planlaşdırılıb.