Qəbələ festivalında gənc ifaçılar öz istedadlarını nümayiş etdiriblər
XIV Qəbələ Musiqi Festivalının proqramına uyğun olaraq, iyulun 25-də Heydər Əliyev Konqres Mərkəzində “Gənclərə dəstək” layihəsi iştirakçılarının konsert proqramı təqdim olunub.
Festivalın təşkilatçı qurumlarının təmsilçilərinin, yerli musiqisevərlərin və şəhərin qonaqlarının iştirakı ilə keçən konsertdə respublika və beynəlxalq müsabiqələr laureatları çıxış ediblər.
Konsertdən əvvəl Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Zəhra Quliyeva çıxış edərək “Gənclərə dəstək” layihəsi barədə məlumat verib. Bildirilib ki, layihənin məqsədi gənc və istedadlı ifaçıların, bəstəkarların gələcək böyük sənət həyatına vəsiqə verməkdir. Layihə çərçivəsində gənclərin ilk konserti 2016-cı ilin noyabrında olub. Həmin vaxtdan onlar mütəmadi olaraq hər ay bir neçə dəfə silsilə konsertlər verərək, öz dinləyici kütləsini yaradıb, geniş auditoriyanın rəğbətini qazanıblar. “Gənclərə dəstək” layihəsi cəmi doqquz ildir yaranmasına baxmayaraq, artıq ölkəmizin hüdudlarından kənarda da tanınır.
Solistlər Aydan Nuriyeva (piano), Sultan Kərimov (violin), Mədinə Paşayeva (piano), Adnan Kərimli (zərb aləti), Amin Rəsulzadə (bas gitara), Elmira Dadaşova (violin), Ucal Məmmədov (klarnet), Damla Yaqublu (cello), Nərminə Salmanova (fleyta), Camal Əliyev (piano), Əmirə Terequlova (violin), Cəlalə İsmayılzadə (piano), Fərəh Əliyeva (piano), Cavidan Babazadə (tenor), Tamilla Həsənova (soprano) və Xədicə Həziyevanın (soprano) ifaları tamaşaçılar tərəfindən maraqla qarşılanıb. İfaçıları pianoda Svetlana Əhmədova, Samirə Əmiraslanova və Nuridə Novruzova müşayiət ediblər.
Konsertdə Üzeyir Hacıbəylinin “Sevgili canan”, həmçinin J.İber, M.Manqani, H.Venyavski, V.Monti, P.Rivera, Y.Brams, C.Puççini, R.Şuman, V.Motsart, S.Prokofyev və digər bəstəkarların əsərləri səsləndirilib.
Qeyd edək ki, festivalın qarşıdakı günlərində Zəhra Quliyevanın rəhbərliyi ilə “Detaşe-Sabah” violinoçular ansamblının, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının istedadlı tələbələrinin, Fuad İbrahimovun dirijorluğu ilə Bakı Dövlət Kamera Orkestrinin, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin çıxışları olacaq, kamera musiqisi axşamı təşkil ediləcək.
2009-cu ildən keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı artıq musiqi platformasına çevrilərək, mədəniyyətlərarası körpü rolunda da çıxış edir. Festivalın qonaqları sırasında Gürcüstanın tanınmış musiqi qrupu “Tbilisi Big Band” da var. Kollektiv caz, ritm və enerji dolu əsrarəngiz çıxışı ilə musiqisevərləri sevindirəcək.
XVIII əsrin məşhur italiyalı ustalarının hazırladıqları unikal musiqi alətlərində ifa edən Litvanın “Ciurlionis” kvartetinin virtuoz təqdimatı da festivalın izləyicilərinə növbəti hədiyyəsi olacaq. Altı gün ərzində təbiətlə musiqinin qovuşduğu məkanda – Qəbələdə tanınmış ifaçılar öz istedadları ilə işıq saçacaq, tamaşaçılara valehedici musiqi və unudulmaz axşamlar bəxş edəcəklər.