Səudiyyəli nazir: Suriya ilə imzalanan müqavilələr tezliklə qüvvəyə minəcək
Səudiyyə Ərəbistanı Suriya tərəfi ilə ümumi investisiya dəyəri 24 milyard rialdan çox olan (6 milyard dollardan çox) 47 saziş və anlaşma memorandumu imzalayıb. İmzalanan sənədlər tezliklə qüvvəyə minəcək.
Bunu Səudiyyə Ərəbistanının investisiya naziri Xalid əl-Falih iyulun 24-də Suriyanın paytaxtı Dəməşqdə keçirilmiş Səudiyyə-Suriya investisiya forumunda çıxışı zamanı bildirib.
Tədbirdə 100-dən çox şirkətin və 20 dövlət qurumunun nümayəndələrindən ibarət heyət təmsil olunub.
Bundan başqa, nazir əlavə edib ki, 500-dən çox səudiyyəli iş adamı və investor Suriya bazarına daxil olmaq istəklərini ifadə ediblər. Onun sözlərinə görə, bu səfər iki ölkə arasında uzunmüddətli iqtisadi tərəfdaşlıqlara doğru yeni bir başlanğıc deməkdir.
Qeyd olunub ki, səudiyyəli investorlar Suriyada daşınmaz əmlak sektoruna, rabitə və informasiya texnologiyaları, aviasiya və naviqasiya, sənaye, turizm, enerji, ticarət və investisiya, səhiyyə, insan resursları və maliyyə sektoruna maraq göstərirlər.
Əl-Falih əlavə edib ki, Səudiyyə Ərəbistanı Vəliəhdinin göstərişi ilə Səudiyyə-Suriya Biznes Şurası təsis edilib. Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin təsisçisi və direktorlar şurasının sədri Məhəmməd Əbunəyyan Biznes Şurasının sədri təyin olunub.
Səudiyyəli nazir diqqətə çatdırıb ki, yeni investisiya qanununun qəbul edilməsi inkişaf templərini sürətləndirəcək, Suriya bazarını beynəlxalq sərmayədarlar üçün cəlbedici edəcək.