Seul tarif razılaşması üçün ABŞ-a 100 milyard dollarlıq investisiya təklif edəcək
Cənubi Koreyanın ABŞ-la davam edən tarif danışıqları çərçivəsində Asiya ölkəsinin 100 milyard dollar sərmayə qoymağı təklif edəcəyi gözlənilir.
Bu barədə “Yonhap” agentliyi məlumat yayıb. Bildirilib ki, hazırda Vaşinqtonda səfərdə olan Cənubi Koreyanın ticarət heyəti bu təklifi iyulun 24-nə planlaşdırılan “2+2” formatındakı görüşdə vermək niyyətində idi. Lakin ABŞ maliyyə naziri Skot Besentin təcili işi ilə əlaqədar həmin görüş ləğv edilib. Təklif olunan investisiya paketinə “Samsung”, “SK Group”, “Hyundai Motor” “LG Group” da daxil olmaqla, Cənubi Koreyanın böyük konqlomeratlarının potensial öhdəlikləri daxildir.
Cənubi Koreyanın Maliyyə Nazirliyinin məlumatına görə, təxirə salınan görüşdə ABŞ tərəfdən Skot Besentlə yanaşı ticarət nümayəndəsi Ceymison Qrir, onların cənubi koreyalı həmkarları - maliyyə naziri Koo Yun-çeol və ticarət naziri Yeo Han-koo bir araya gəlməli idi. Koreya tərəfi hazırda Vaşinqtonda amerikalı həmkarları ilə görüşün yeni vaxtını gözləyirlər.
Qeyd edək ki, tarif razılaşması üçün ABŞ-a oxşar təklfi Yaponiyada da irəli sürüb. İyulun 23-də Prezident Donald Tramp Yaponiya mallarına əvvəllər elan edilmiş 25 faizlik idxal rüsumlarını 15 faizə endirmək üçün ticarət razılaşması əldə etdiyini bildirib. Bunun müqabilində Tokio əsas sənayelərin yenidən qurulmasına və genişləndirilməsinə kömək etmək üçün ABŞ-a 550 milyard dollar sərmayə qoymağı, eyni zamanda özünün avtomobil və kənd təsərrüfatı bazarlarını ABŞ üçün daha da açmağa razılıq verib.
Tramp administrasiyasının geniş tarif siyasətinə cavab olaraq bir çox Cənubi Koreya şirkəti də ABŞ-da əlavə investisiya imkanlarını araşdırır. “Hyundai Motor” 2028-ci ilə qədər ABŞ-a 21 milyard dollar sərmayə qoymağı planlaşdırdığını açıqlayıb. “Samsung Electronics” və “SK hynix Inc” də müvafiq olaraq ən azı 37 milyard və 3,87 milyard dollar dəyərində investisiya planını nəzərdən keçirir.