İlham Əliyevdən Putinə başsağlığı: Amma bir sual da var...
Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Amur vilayətində qəzaya uğrayan AN-24 tipli sərnişin təyyarəsi ilə bağlı Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib. Qeyd edək ki, təyyarə radarlarla əlaqə kəsildikdən sonra, Tındadan 15 kilometr aralıda – dağlıq və çətin keçilən ərazidə aşkar edilib. Göyərtədə 43 sərnişin, o cümlədən 5 uşaq və 6 heyət üzvü olub.
Azturkxeber.az xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat xidmətinin rəhbəri, politoloq Əziz Əlibəyli öz Facebook hesabında yazıb.
Onun sözlətinə görə, başsağlığı verilməsi normal, hətta gözlənilən diplomatik jestdir. Lakin sosial şəbəkələrdə bəziləri sual edir: Azərbaycan Xarici İşlər Nazirliyi və ya ölkə rəhbərliyi bu faciə ilə bağlı Rusiyaya niyə başsağlığı verir?
Bu suala cavabım qətidir: Başsağlığı verilməli idi.
Əvvəla, insan həyatı və faciəsi siyasi sərhəd tanımamalıdır. Azərbaycan bu kimi hallarda humanist və beynəlxalq norma və dəyərlərə sadiqliyini göstərməlidir. Amma bu, həm də gündəmə başqa bir faciəni – bizim faciəmizi – gətirmək üçün fürsət idi.
Nəyi xatırlatmaq lazım idi?
1. Rusiya bilməlidir ki, Azərbaycanla münasibətlər fonunda hələ də həll olunmamış bir təyyarə məsələsi var.
2. O təyyarə – 2020-ci il noyabrında Xəzər üzərində vurulan, mülki təyyarəmiz – Rusiyanın silahlı qüvvələri tərəfindən vurulub.
3. O təyyarə Xəzərə yönləndirildi ki, dənizə düşsün və izlər yox olsun. Halbuki sağ qalmaq şansı vardı.
4. Hətta məsuliyyəti öz üzərinizə götürmək əvəzinə, “quşlar çırpılıb” kimi absurd iddialar irəli sürüldü.
İndi isə suallar doğur:
Dünəndən fotoları yayılan rus hərbçiləri kimlərdir?
İlham Əliyevin Şuşadan verdiyi “məhkəmə” siqnalı kimə və ya nəyə ünvanlanmışdı?
Hökumətin səsi, təyyarədə olan insanların son anları qulaqlardan silinibmi?
Bu qədər sükut, bu qədər biganəlik doğrudanmı mümkündür?
Başsağlığının altında gizli bir mesaj da var idi:
"Bizim vurduğunuz mülki təyyarəmizdən nə xəbər var?"
Sual açıq qalır. Cavab isə hələ də yoxdur! -Deyə Əziz Əlibəyli bildirib.