Naftalanda sahibkarlarla görüş keçirilib
Naftalan şəhər İcra Hakimiyyətinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə sahibkarların və potensial biznes subyektlərinin iştirakı ilə tədbir keçirilib.
Tədbirdə şəhər icra hakimiyyəti başçısının müavini Kəmalə Hüseynova, KOBİA-nın Gəncə koordinatoru Anar Əliyev, Regional Turizm İdarəsinin rəisi Fariz Qarayev, sahibkarlar və digər məsul əməkdaşlar iştirak edib.
Tədbirdə çıxış edənlər aqroturizm sahəsində mövcud imkanlar, çətinliklər və perspektivlər mövzusunda ətraflı məlumatlar verib, təqdimat nümayiş etdiriblər. Həmçinin qeyd ediblər ki, sahibkarların bilik və bacarıqlarının artırılması, şəbəkələşməsi, dövlət-sahibkar əməkdaşlığının gücləndirilməsi baxımından da əhəmiyyətlidir.
Görüşdə biznes subyektlərinin səsləndirdiyi təklif və fikirlər gələcəkdə yeni dəstək alətlərinin formalaşdırılması, qanunvericilik təşəbbüsləri baxımından da önəmlidir.
Qeyd edək ki, müvafiq dövlət qurumlarının iştirakı ilə təşkil olunan belə görüşlər sahibkarlarla birbaşa ünsiyyətin genişlənməsinə, onların ehtiyac və təkliflərinin yerində öyrənilməsinə, mövcud dəstək mexanizmləri barədə məlumatlandırılmasına, eləcə də praktiki məsələlərin müzakirəsinə imkan yaradır.