İtaliyada Qərbi Nil virusuna yoluxma halları artıb
Ötən bir həftə ərzində İtaliyada Qərbi Nil virusuna yoluxanların sayı 20-yə çatıb.
İtaliya Ali Səhiyyə İnstitutunun məlumatına görə, ilin əvvəlindən virusa yoluxanların sayı 10 nəfər olduğu halda, son həftədə onların sayı 20-yə yüksəlib. Yoluxucu xəstəlik olan Qərbi Nil virusu əsasən ölkənin cənub bölgələrində yayılıb.
Qeyd edək ki, 2024-cü ildə İtaliyada bu virusa 460 yoluxma faktı və 20 ölüm qeydə alınıb.
Ağcaqanadların yoluxdurduğu xəstəliyə tutulanların təxminən 80 faizində heç bir əlamət olmadığı halda, 20 faizində hərarət, halsızlıq, ürəkbulanma, qusma, başağrısı, əzələ ağrısı kimi simptomlar müşahidə edilir. Qərbi Nil virusuna yoluxma faktlarına daha çox Afrika, Avropa, Yaxın Şərq, Şimali Amerika və Qərbi Asiyada rast gəlinir.