azturkxeber.az
http://azturkxeber.az

Şeyxülislam Allahşükür Paşazadə Özbəkistan səfirliyində olub

24-07-2025

İyulun 24-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistanın Azərbaycandakı səfirliyini ziyarət edib.

QMİ-nin mətbuat xidmətindən bildirilib ki, səfirliyin binası ilə tanış olan şeyxülislam A.Paşazadə burada Qurandan ayələr oxuyaraq dualar edib. Səfir Bahrom Aşrafxanov və səfirliyin əməkdaşlarına ən xoş arzularını çatdıran QMİ sədri onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin səmimi qardaşlıq münasibətlərinin xalqlarımız və dövlətlərimiz arasında dostluq və yüksəksəviyyəli əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə mühüm töhfələr verdiyini məmnunluqla qeyd edib. Dövlət rəhbərlərinin qarşılıqlı səfərlərinin bu əlaqələrin daha da dərinləşməsinə xidmət etdiyini vurğulayan QMİ sədri hər iki ölkə başçısının Özbəkistan səfirliyinin Bakıdakı yeni binasının açılışında iştirak etməsinin münasibətlərin inkişafında əhəmiyyətli hadisə olduğunu bildirib.

Sonra şeyxülislam Allahşükür Paşazadə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin doğum günü münasibətilə ona ünvanlandığı təbrik məktubunu səfir B.Aşrafxanova təqdim edib. Məktubda qeyd olunur ki, zəngin mənəvi irsə istinad edən, onu hər zaman diqqətlə qoruyan, Mərkəzi Asiyanın qəlbi və bütün İslam dünyası üçün tükənməz xəzinə olan qardaş Özbəkistanla tarixi mədəni-mənəvi əlaqələrin qorunması Azərbaycan üçün xüsusi önəm daşıyır: “Səmimi qəlbdən arzu edirəm ki, dost, qardaş, müttəfiq xalqlarımız və dövlətlərimiz arasında həyatın bütün sahələrində mövcud yüksəksəviyyəli, qarşılıqlı fayda kəsb edən əlaqələr ümumi mənafelərimiz naminə daha da inkişaf etsin”.

Daha sonra şeyxülislam səfirliyin Fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031