azturkxeber.az
http://azturkxeber.az

Doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının nəticələri elan olunub

24-07-2025

Doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının nəticələri elan olunub

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2025-ci il 22 iyun tarixində doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul və fəlsəfə doktoru imtahanları, iyunun 23-də isə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı keçirilib. Həmçinin 1-5 iyul tarixlərində namizəd və iddiaçıların danışıq bacarıqlarının yoxlanılması həyata keçirilib.

DİM-dən AZƏRTAC-a verilən məlumata görə, imtahan iştirakçıları nəticələr, cavab kartı və yazı işlərinin (esse və vizual məlumatın təsviri) qrafik təsviri ilə DİM-in internet saytında tanış ola bilərlər. İştirakçılar imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanlarda 2144 namizəd və iddiaçı (1797 nəfər doktoranturaya qəbul, 344 nəfər fəlsəfə doktoru, 3 nəfər isə Azərbaycan dili imtahanında) iştirak edib. 56 nəfər imtahana gəlməyib.

Doktorantura və dissertanturaya qəbul imtahanının nəticələrinə əsasən, 1106 nəfər tələb olunan şərtləri ödəyərək fəlsəfə imtahanına buraxılıb.

97 nəfər xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilmiş şərtləri ödəyib.

3 əcnəbi iddiaçı Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilmiş şərtləri ödəyib.

Xarici dil üzrə qəbul imtahanında (habelə Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında) bloklar üzrə müvafiq bal məhdudiyəti (2 bal) nəzərə alınmaqla 25 və daha yuxarı bal toplamış namizədlər imtahanın nəticəsinə qoyulan tələbi ödəmiş hesab olunurlar. Qəbul imtahanında 30 və daha çox bal toplayan namizədlər dissertasiyalarını həmin imtahanı verdikləri tarixdən beş il müddətində ilkin müzakirəyə təqdim etdikləri təqdirdə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azad olunurlar.

Xarici dil üzrə fəlsəfə doktoru imtahanında məqbul almaq üçün tələb olunan minimal bal isə 30-dur (bloklar üzrə 2 bal məhdudiyəti nəzərə alınmaqla).

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 30 iyuldan etibarən telefon əlaqəsi vasitəsilə apellyasiya prosesi təşkil ediləcək.

Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 25 iyul saat 10:00 dan 27 iyul saat 17:00-dək DİM-in internet saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çoxu 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031