azturkxeber.az
http://azturkxeber.az

Bu gün etiraf üçün fürsətdir…

22-07-2025

“Sözün kölgəsində jurnalistikaya gedən tərs yolum”

Riyaziyyatçı/Hüquqşünasam.

Lakin, bu sahələri nə qədər oxusam da, soz və qələm tək dərindən hiss etməmiş, sənətim hesab etməmişəm. Onlar, olsa-olsa, peşəmdir. Ruhumun peşəsi isə….

10 il öncə, dərhal ekrana deyil, mətbəə sətirlərinə sarıldım. Mətn və təhlillə başladım. Bu yol daxilimdən başlanan bir axtarış idi — təyinatı əvvəlcədən məlum olmayan….Bir müddət sonra isə istiqaməti çox dəqiq səyahətə dönüşdü.

O zaman bilmirdim ki, bu yol klassik ardıcıllığa zidd şəkildə formalaşacaq. Başqaları fəaliyyətini müxbirlikdən başlayaraq,daha sonra ekran müstəvisində davam etdirib və nəhayət mətbuat katibliyi ilə tamamlayarkən, mən bu mərhələləri tam əks ardıcıllıqla keçdim.

Bu yol “tərs” olduğu qədər “qəfil” idi. Çünki həmin dövrlərdə mən hələ hüquqşünas belə deyildim. İxtisasca mexanika oxumuş, ali riyaziyyat üzrə uğur qazanmış gənc qız, eyni zamanda, nədənsə həm jurnalistikaya, həm də dövlət qulluğuna güclü maraq bəsləyirdi.

Beləcə, hər gün BDU-nun Riyaziyyat “korpusundan” çıxıb, Jurnalistika fakültəsinə yollanırdım. O illərdən yadımda qalanlardan biri də ilk müsahibəmi o zaman sabiq təhsil naziri Misir Mərdanovdan götürməyim idi.

Kursun sonunda isə – həyatın təsadüfləri ilə – həmin iki yolun bir cığırı məni Ədliyyə Nazirliyinə apardı.

Beləliklə Media sahəsində çalışanlar məni daha çox 2018–2022-ci illərdə fəaliyyət göstərdiyim hüquq-mühafizə orqanının mətbuat xidməti kimi tanıdılar ; yaxın keçmişədək də məhz elə xatırlanırdım…

Əvvəl könüllülük, sonra nəşrlər, ardınca mətbuat xidməti və nəhayət – televiziya!

Artıq tam 10 ildir ki, istər şüurlu, istər instinktiv şəkildə jurnalistikanın müxtəlif mərhələlərindən keçərək bu sahənin peşə deyil, mahiyyət etibarilə, bir sənət olduğunu daha dərindən dərk etdim.

Yolum isə– yaxşı mənada – həqiqətən tərs olub.

Kimisi buna “şans” deyir, kimisi “təsadüf” adlandırar.

Bircə onu bilirəm ki, 10 il öncə təsəvvür edib-hesabladığım yerdəyəm!

Və bu tərs ardıcıllıq mənə jurnalistikanın yalnız texniki yox, həm də fəlsəfi qatlarını dərk etmək fürsəti verdi.

Normal axının əksi ilə hərəkət etdikcə, gördüm ki, bu sahənin ruhunu – müşahidəni, dəqiqliyi, məsuliyyəti, sözə ehtiramı – illərlə içimdə daşıyırmışam…

Qoy jurnalistika, sənət olaraq, Əkinçinin ruhu kimi — maarifin, vicdanın və həqiqətin təməlində yaşamağa davam etsin.

Qoy sözə könül verənlər daim sözün məsuliyyətini daşısın !

Peşəniz mübarək, əziz Həmkarlar!

Nigar Nizam.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031