Almaniya hökuməti və 61 böyük şirkət arasında 630 milyard avroluq investisiya planı barədə razılıq əldə olunub
Dünyanın üçüncü böyük iqtisadiyyatına sahib olan Almaniyada ardıcıl iki il davam edən iqtisadi geriləmədən sonra hökumət bu istiqamətdə dönüş yaratmaq üçün qətiyyətli addımlar atmaqdadır.
Almaniya Kansleri Fridrix Merts bu məqsədlə ölkənin ən böyük 61 şirkətinin rəhbərləri ilə görüş keçirib.
Görüşdə ölkə iqtisadiyyatının inkişaf etdirilməsi məqsədilə 2028-ci ilədək ümumilikdə 631 milyard avroluq investisiya yatırılması barədə razılıq əldə olunub. Bu məbləğ həm artıq planlaşdırılmış, həm də yeni investisiyaları, eləcə də tədqiqat və inkişaf xərclərini və beynəlxalq investorların vədlərini əhatə edir. Təşəbbüsə qoşulan şirkətlər arasında “Deutsche Bank”, “Siemens”, “Allianz”, “Airbus”, BMW, “Deutsche Börse”, “Mercedes-Benz”, “Rheinmetall”, SAP, “Volkswagen”, həmçinin ABŞ şirkətləri “Nvidia”, “Blackrock” və “Blackstone” da yer alır. Görüşdə iştirak edən şirkətlərin rəhbərləri Kansler Fridrix Merts və vitse-kansler, maliyyə naziri Lars Klinqbayla “Made in Germany” adlı sərmayə planlarını təqdim etməyi vəd veriblər.
Kansler Fridrix Merts görüşdən sonra açıqlamasında həm yerli, həm də xarici investorların Almaniya bazarına marağının nəzərəçarpacaq dərəcədə artdığını və ilkin danışıqların müsbət məcrada aparıldığını vurğulayaraq deyib: “Məqsədimiz Almaniyanı dünya böhranları fonunda elə vəziyyətə gətirməkdir ki, insanlar bu ölkədə azadlıq, sülh və rifah şəraitində gələcək illərdə də yaşaya bilsinlər. Bu, bizim məqsədimizdir və bu istiqamətdə çalışırıq”.
Qeyd edək ki, bir sıra ekspertlər bu təşəbbüsün ölkədə biznes mühitini canlanmasına və sərmayə imkanlarının genişlənməsinə mühüm töhfə verəcəyini vurğulayırlar.