azturkxeber.az
http://azturkxeber.az

Daşkəsəndə “Aqrar Biznes” və “Kənd təsərrüfatı məhsulları” festivalı keçirilib

21-07-2025

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Daşkəsən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Daşkəsən rayonunun Xoşbulaq kəndində “Aqrar Biznes” və “Kənd təsərrüfatı məhsulları” Festivalı keçirilib.

Kənd təsərrüfatı məhsulları festivalının əsas məqsədi ailə kəndli təsərrüfatlarının fəaliyyətinin stimullaşdırılması, yerli məhsulların bazara çıxış imkanlarının genişləndirilməsi və ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsullarının təşviqidir. Festival yerli istehsalçıların məhsullarının tanıdılması və kənd təsərrüfatının inkişafına dəstək baxımından mühüm əhəmiyyət daşıyır.

Festivalda rayonda fəaliyyət göstərən fermerlər və istehsalçılar tərəfindən təqdim edilən müxtəlif kənd təsərrüfatı məhsulları, ət və süd məhsulları, arıçılıq məhsulları, meyvə, tərəvəz və digər təbii qidalar nümayiş olunub. Təbii və ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsulları konseptində keçirilən festivalda ziyarətçilər məhsulları birbaşa istehsalçılardan almaq imkanı əldə ediblər.

Tədbirdə fermerlərlə yanaşı, sahibkarlar, investorlar, kənd təsərrüfatı üzrə mütəxəssislər və Kənd Təsərrüfatı Nazirliyinin elmi-tədqiqat institutlarının nümayəndələri iştirak ediblər. Belə ki, festivalda Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq, Baytarlıq, Bitki Mühafizə və Texniki Bitkilər, Üzümçülük və Şərabçılıq, Əkinçilik, Tərəvəzçilik, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutları elmi nailiyyətlərini, yeni texnologiya və tədqiqat nəticələrini əks etdirən stendlə təmsil olunublar.

Festivalda Daşkəsən rayonunun kənd təsərrüfatı potensialı nümayiş etdirilib, yerli istehsalçılar arasında əlaqələr möhkəmləndirilməsi və regionun aqroturizm imkanlarının tanıdılması məqsədilə görüş və təqdimatlar keçirilib. Festival çərçivəsində sərgi ilə yanaşı, kənd həyatına həsr olunmuş proqramlar təşkil olunub.

Qeyd edək ki, Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti məhsul festivalının Kürdəmir rayonunda 25 iyul tarixində keçirilməsi nəzərdə tutulur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031