Azərbaycan məktəbliləri Tacikistanda yol hərəkətinin təhlükəsizliyi mövzusunda keçirilən tədbirdə iştirak ediblər
İyulun 15-dən 19-dək Tacikistan Respublikasının Gülüstan şəhərində "Yol hərəkəti təhlükəsizliyində uşaqların bilik və praktiki bacarıqlarının formalaşdırılması" mövzusunda elmi-praktik konfrans və "Gənc yol hərəkəti inspektorları" adlı beynəlxalq toplantı keçirilib. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polis polkovniki Rüfət Quliyev, həmin idarənin baş inspektoru, polis baş leytenantı Elvin Hacıyev, eləcə də, Bakı şəhəri, Xətai rayonu 245 nömrəli tam orta məktəbin müəllimi Məlahət Ağayevanın rəhbərliyi altında şagirdlərdən ibarət komanda toplantıda iştirak edib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərlərinin toplandığı elmi-praktik konfransda yol hərəkət iştirakçıları, xüsusilə uşaqlarda yol hərəkəti təhlükəsizliyinə dair bilik və praktiki bacarıqların formalaşması, bu sahədə tədris metodlarının təkmilləşdirilməsi və ölkələrarası təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri geniş müzakirə olunub.
Eyni zamanda, "Gənc yol hərəkəti inspektorları" adlı beynəlxalq tədbirdə müxtəlif nominasiyalar üzrə yarışan komandalar yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyi ilə bağlı praktik vərdişlər, komandada işləmək bacarığı və digər sahələr üzrə öz bilik və bacarıqlarını nümayiş etdiriblər.
Yarışın nəticələrinə əsasən, ölkəmizi təmsil edən məktəblilərdən ibarət nümayəndə heyəti uğurlu çıxış edərək yüksək nəticə göstəriblər.