“Qərbi Azərbaycan İrsi” kitabının Salyanda təqdimat mərasimi keçirildi
18 İyul 2025-ci ildə Salyan Rayon İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan İrsi" - Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin – qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar adlı fundamental nəşrin I cildinin təqdimat mərasimi keçirilib.
Mərasim iştirakçıları Heydər Əliyev adına Parkda Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək, müasir, müstəqil Azərbaycanın banisi və qurucusu dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər. İştirakçılar tərəfindən Qərbi Azərbaycan mövzusuna aid rəsmlərdən, nəşr olunmuş kitab və çap materiallarından ibarət sərgiyə baxış keçirilib.
Tədbirdə Salyan RİH başçısı Rüstəm Xəlilov, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü, Milli Məclisin deputatı Günay Ağamalı, Qərbi Azərbaycan İcmasının Salyan rayonu üzrə nümayəndəsi Kərəm Muradov və rayon ziyalıları çıxış edərək kitabın tarixi və hüquqi əhəmiyyətini xüsusi vurğulayıblar.
Bu cür nəşrlər bir daha sübut edir ki, Azərbaycan xalqı öz tarixi irsinə sahib çıxır, dağıdılmış abidələrinin, məhv edilmiş qəbiristanlıqlarının izini itirmir və beynəlxalq aləmdə haqq səsini ucaldır.