Sudanın silahlı müxalifətinə məxsus bank Aİ-nin sanksiyalar siyahısına salınıb
Avropa İttifaqı (Aİ) Sudanda mərkəzi hakimiyyətə qarşı silahlı mübarizə aparan Çevik Dəstək Qüvvələrinə məxsus hesab etdiyi “Bənk əl-Xəlic” bankını sanksiyalar siyahısına daxil edib.
Aİ adıçəkilən bankı Sudanda iqtisadi və siyasi sabitliyi pozan Çevik Dəstək Qüvvələrinə məxsus olduğunu bildirir və ona maliyyə dəstəyi verməkdə ittiham edir.
Eyni zamanda, Avropa Birliyinin sanksiyaları siyahısına salınanlar arasında “əs-Saxr əl-Əhmər” mədənləri fondu və iki şəxs də var. Bunlar da Sudanda qanlı toqquşmaların daha da genişlənməsinə səbəb olan maliyyə yardımı etməkdə ittiham edilirlər.
Qeyd edək ki, Sudan Silahlı Qüvvələri ilə Çevik Dəstək Qüvvələri arasında iki ildən çoxdur davam edən toqquşmalar nəticəsində minlərlə insan həlak olub, 13 milyondan çox sakin didərginə və qaçqına çevrilib.