Qahirədə iki yaşayış binası uçub: Ölən və yaralananlar var
Misirin paytaxtı Qahirənin qədim məhəllələrinin birində və Şubra rayonunda iki yaşayış binasının uçması nəticəsində bir neçə nəfər həlak olub və yaralanıb.
Dağıntılar altında qalanların axtarışı davam etdirilir. Bildirilir ki, binalardan birinin söküntüsü planlaşdırılırdı və sakinlər bir müddət əvvəl təxliyə edilib.
Misirdə, xüsusilə Qahirə və İsgəndəriyyədə köhnə binaların uçması halları son vaxtlar artıb. Bildirilir ki, Misirdə, ümumiyyətlə tikinti normalarına cavab verməyən 7 milyondan çox bina vardır. Təkcə son illərdə binaların tikintisində iki milyondan çox pozuntu qeydə alınıb.
Misirin Nümayəndələr Məclisi bu problemin həlli məqsədilə xüsusi komissiya formalaşdırıb. Komissiya tikinti normalarına cavab verməyən və dağılmaq üzrə olan binaları qeydə alır, sakinlərinin isə başqa yaşayış binaları ilə təmin edilməsi məsələsi ilə məşğul olur.