Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan 2020-ci il Vətən müharibəsindən sonra işğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa və yenidənqurma prosesi həyata keçirilir. Bu prosesin mərkəzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi, uzaqgörən inkişaf strategiyası və şəxsən bölgəyə etdiyi müntəzəm səfərlər dayanır. Dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərə, o cümlədən Ağdam və Xocalı şəhərinə hər bir səfəri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. İyulun 18-də həyata keçirilən səfər yalnız fiziki infrastruktur layihələrinin icrası ilə məhdudlaşmır, həm də dövlətin milli yaddaşa, tarixi ədalətə və keçmiş məcburi köçkünlərin layiqli qayıdışına verdiyi strateji önəmi əks etdirir.
Qeyd edək ki "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunmuş "İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış" Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə hazırlanmış "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı"nın əsasını Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası, regiona əhalinin geri qayıdışının təmin edilməsi, bölgənin dayanıqlı inkişafına nail olunması kimi mühüm məsələlər təşkil edir. Dövlət Proqramının prioritet istiqamətləri arasında Ağdam və Xocalı rayonlarının bərpasına da xüsusi yer ayrılıb.
Vurğulayaq ki, bir zamanlar “Qafqazın Xirosiması”, “Kabus şəhər” adlandırılan Ağdam yenidən dirçəlir və çiçəklənir. Eyni zamanda, Azərbaycan tarixinin ən ağır səhifələrindən biri olan Xocalı bu gün dirçəlir.
Möhtərəm Prezidentimizin Ağdam və Xocalı rayonlarında olması xalqımız tərəfindən böyük qürurla qarşılanır. Səfər zamanı dövlətimizin başçısı ilk olaraq Ağdamda "Tabaterra” MMC-nin Ağdam Sənaye Parkındakı tütün məmulatlarının istehsalı müəssisəsinin, Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının, Ağdam şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının, rayonun Qiyaslı kəndindəki tarixi məscidin binasının bərpadan sonra açılışlarında, daha sonra isə Xocalıda kərpic zavodunun açılışında iştirak edib, rayonun Təzəbinə kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub, Xanyurdu kəndinə köçən sakinlərlə görüşüb, onlarla söhbət edib.
Söhbət zamanı cənab Prezident qeyd etdi: “Burada rahat yaşayın, xoşbəxt yaşayın, siz buna layiqsiniz. Siz uzun illər çətin şəraitdə yaşamısınız - çadır şəhərciklərində, vaqonlarda, yataqxanalarda, uşaq bağçalarında, məktəblərdə, orada-burada, çox çətin şəraitdə. Amma inamınızı itirməmisiniz. İnanırdınız ki, doğma Vətənə qayıdacaqsınız. O gün də gəldi. İndi də belə gözəl, mənzərəli, səfalı yerlərdə yaşayırsınız və bu onu göstərir ki, ədalət hər zaman zəfər çalmalıdır. Amma ədaləti təmin etmək üçün gərək gücün və yumruğun olsun”.
Ümumiyyətlə, Prezident İlham Əliyevin Ağdam və Xocalıya səfərləri göstərir ki, Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq missiyasını ardıcıl şəkildə həyata keçirir. Burada aparılan işlər yalnız tikinti-quruculuq deyil, həm də insanların həyatına, regionun iqtisadiyyatına, ümummilli ruhumuza yeni nəfəs verir.
Prezidentin bölgəyə səfərləri həm də Azərbaycan xalqına inam və ümid mesajıdır. Hər bir təməlqoyma mərasimi, hər bir açılış mərasimi həm yerli əhalinin, həm də bütün ölkə vətəndaşlarının qəlbində qürur hissi oyadır. Ümumiyyətlə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad edilmiş şəhər və rayonlara ilk səfəri burada Azərbaycan Bayrağının ucaldılması ilə tarixə yazılır. Bu ərazilərə qayıdan sakinlərin məşğulluğunun təmin edilməsi əsas prioritetlər sırasındadır.
Beləliklə, Ağdam və Xocalı kimi şəhərlər dağıntıdan quruluşa aparan yolun canlı nümunəsidir. Dövlət başçımızın rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq siyasəti Azərbaycanın gücünü, iradəsini və gələcəyə inamını əks etdirir. Prezident İlham Əliyevin Ağdam və Xocalı şəhərlərinə səfəri işğaldan azad olunmuş torpaqlarımızın gələcəyinə inamı daha da gücləndirdi. Bu səfər bir daha göstərdi ki, dağıdılmış torpaqlarımız müasir şəhərsalmanın ən gözəl nümunələrinə çevrilir, milli yaddaşımız yenidən dirçəlir və Qarabağda həyat sürətlə öz axarına qayıdır.
Bütövlükdə, postmüharibə dövründə qarşıya qoyduğumuz hədəflərə addım-addım çatırıq. Bu istiqamətdə əldə edilən nailiyyətlər isə bütün milli məqsədlərin reallaşdırılmasına geniş imkanlar yaradır. Dağıntıdan doğan müasir şəhərlər, tarixi ədalətin bərpası və xalqımızın doğma torpaqlarına qayıdışı Azərbaycanın gücünü, iradəsini və gələcəyə olan inamını bütün dünyaya nümayiş etdirir. Azərbaycanın gələcəyi bu torpaqlarda qurulur və bu yol qətiyyətlə davam edir.
Milli Məclisin deputatı Siyavuş Novruzov
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.