İsrail və Suriya Əs-Suveyda vilayətində atəşkəs razılaşması əldə edib
ABŞ-ın Türkiyədəki səfiri Tom Barrack İsrail və Suriyanın Əs-Suveyda vilayətində atəşkəs barədə razılığa gəldiyini bildirib. Bu razılaşma ABŞ, Türkiyə, İordaniya və digər Yaxın Şərq ölkələrinin dəstəyi ilə əldə edilib.
Tom Barrack tərəfləri, xüsusilə druzları, bədəviləri və sünniləri, silahları yerə qoyaraq digər azlıqlarla birlikdə yeni və vahid Suriya kimliyi yaratmağa çağırıb.
Qeyd edək ki, iyulun ortalarında Əs-Suveyda vilayətində bədəvi milisləri ilə druz silahlı dəstələri arasında toqquşmalar başlamışdı. Bu gərginlik fonunda Suriya hakimiyyəti bölgəyə qoşun yeritmiş, İsrail isə druz icmasını müdafiə edərək Suriya zirehli texnikasına və Dəməşqdəki Baş Qərargah binasına zərbələr endirmişdi.