Gədəbəydə sakinlərə hüquqi yardım göstərildi
19 iyul 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Komitə yanında fəaliyyət göstərən İctimai Şura və “Qadın Vəkillər Alyansı”nın birgə təşkilatçılığı ilə Gədəbəy rayon Heydər Əliyev Mərkəzində ailələrlə görüş keçirilib.
Görüş zamanı ailələrin rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər, bu sahədə dövlətin uğurlu siyasəti, o cümlədən cəmiyyətdə mövcud olan aktual məsələlər kimi erkən nikah və qohum nikahları ilə bağlı qanunvericiliyə edilmiş yeniliklər haqqında ətraflı məlumat verilib.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Səfərova, Gədəbəy Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Nicat Məmmədov, Komitə yanında İctimai Şuranın sədri Firuzə Rəsulova, sədr müavini Venera Əsgərova, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Qəmərxanım Cavadlı, Vəkillər Kollegiyasının İdarə Heyətinin üzvü, “Qadın Vəkillər Alyansı”nın sədri Dilarə Əfrasiyabova, “Bərabər İnkişaf Naminə” Koalisiyanın sədri Təranə Kərimova və Azərbaycan Vəkillər Kollegiyasının üzvü Şəfiqə Nağıyeva çıxş edərək, “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunan bu görüşün cəmiyyətin hüquqi maarifləndirilməsi, mövcud problemlərin müəyyənləşdirilərək yerindəcə həlli baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd ediblər.
Görüşdə paralel olaraq, qadın vəkillərin iştirakı ilə ailələrin mövcud problemləri dinlənilib, onlara hüquqi məsləhətlər verilib, müraciətləri qeydə alınaraq həlli istiqamətində müvafiq tədbirlər həyata keçirilib.