Kürovdağ yatağında 2 saylı qazma quyunun fontan vurmasından 70 il ötür
Şirvan şəhərində Kürovdağ neft yatağının istismarının 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Şəhər icra hakimiyyətindən verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstünü, şəhid neftçilərin xatirə guşəsini ziyarət ediblər. Sonra Kürovdağ yatağında 2 saylı qazma quyunun xatirə lövhəsi ziyarət olunub.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxışında Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən milli neft strategiyasının uğurlu nəticələrindən danışıb. Bu strategiyanın ölkəmizin beynəlxalq mövqelərini daha da möhkəmləndirdiyini, iqtisadiyyatın dayanıqlı inkişafına təkan verdiyini, əhalinin maddi rifahının yüksəlməsində müstəsna rol oynadığını vurğulayıb.
Sonra “Şirvan Operating Company LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının prezidenti Aleksey Leontyeviç Volkov, ictimai-siyasi xadim İltizam Yusifov, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Fətulla Mustafayev, Təşkilat şöbəsinin müdiri Heydər Əsgərov və digərləri çıxış edərək Azərbaycanın neft sənayesi tarixində Kürovdağ yatağının xüsusi yer tutduğunu bildiriblər. Diqqətə çatdırılıb ki, neft yatağının 70 illik tarixi boyunca burada çalışan minlərlə neftçi və mühəndisin əməyi sayəsində Azərbaycan xalqının rifahı üçün mühüm nailiyyətlər əldə olunub. Onların fədakar zəhməti nəticəsində neft sənayemiz daha da inkişaf edib.
Qeyd olunub ki, neft sənayesinin inkişafı Şirvan şəhərində yeni iş yerlərinin yaranmasına, infrastrukturun genişlənməsinə və əhalinin sosial rifahının yaxşılaşmasına şərait yaradıb. Hazırda da şəhərdə neftlə bağlı bəzi müəssisələr fəaliyyət göstərir və bu sahədə müasir texnologiyaların tətbiqi ilə sənayenin daha da inkişaf etdirilməsi istiqamətində işlər aparılır. Şirvan şəhərində neft sənayesi uzun illər ərzində regionun iqtisadiyyatında aparıcı rol oynayıb və bu sahə gələcəkdə də əhəmiyyət kəsb edəcək.
Tədbirin sonunda təqaüddə olan bir qrup neftçiyə fəxri fərmanlar verilib.