Böyük Britaniya Rusiya kəşfiyyatçılarına sanksiyalar tətbiq edib
Böyük Britaniya Rusiya Hərbi Kəşfiyyat İdarəsinin üç bölməsinə və 18 əməkdaşına qarşı sanksiya tətbiq edib.
Bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sanksiya tətbiq edilən şəxslər illərdir zərərli kiberfəaliyyətlərlə məşğul olmaqda, o cümlədən Böyük Britaniyada bu cür hücumlar təşkil etməkdə ittiham olunurlar.
Sanksiya tətbiq edilənlər arasında 2018-ci ildə Solsberidə baş verən “noviçok” sinir qazı hücumundan öncə Yuliya Skripalın telefonuna zərərli proqram yerləşdirən Rusiya Hərbi Kəşfiyyat İdarəsinin kəşfiyyatçıları da var. Onların bəzilərinə daha əvvəl də Qərb ölkələri tərəfindən sanksiyalar tətbiq olunub.
Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi bildirib ki, ölkəsi bu məsələdə Amerika Birləşmiş Ştatları Federal Təhqiqatlar Bürosu, NATO və Avropa İttifaqı ilə sıx əməkdaşlıq edir.