Uşaqlarda optimal ürək sağlamlığı gələcəkdə xroniki xəstəliklər riskini azaldır – ARAŞDIRMA
Amerika Ürək Dərnəyinin “Journal of the American Heart Association” (JAHA) jurnalında dərc olunmuş yeni sistematik araşdırma göstərir ki, uşaqlıq və yeniyetməlik dövründə optimal ürək sağlamlığının qorunması yalnız ürək-damar xəstəliklərinin deyil, həm də geniş spektrli xroniki xəstəliklərin qarşısını almaqda əhəmiyyətli rol oynayır.
Araşdırmaya görə, doğumdan yeniyetməlik dövrünə qədər sağlam həyat tərzi və müsbət klinik göstəricilərlə xarakterizə olunan optimal ürək sağlamlığı, uzunmüddətli fiziki, psixi və koqnitiv sağlamlığın əsasını təşkil edir. Faydaları arasında xərçəng, demans, ağciyər, qaraciyər və böyrək xəstəlikləri, tip 2 diabet, piylənmə, depressiya və eşitmə itkisi risklərinin azalması yer alır. Eyni zamanda, idrak qabiliyyəti, göz və diş sağlamlığında da müsbət nəticələr müşahidə olunur.
Araşdırmada istifadə olunan ölçü meyarları Amerika Ürək Assosiasiyası tərəfindən müəyyən edilmiş və həyat tərzi faktorlarını sağlam qidalanma, fiziki aktivlik, adekvat yuxu və siqaretdən uzaq durma əhatə edir. Bununla yanaşı, bədən kütləsi indeksi (BKİ), qan təzyiqi, xolesterin və qan qlükoza səviyyəsi kimi klinik göstəricilər də əsas amillər sırasında yer alır. Çikaqo Universitetinin və Ann & Robert H. Lurie Uşaq Xəstəxanasının pediatrik kardioloqu, eyni zamanda, tədqiqatın baş müəllifi Amanda Marma Perak bildirib: “Uşaqlıq dövrü bu göstəriciləri optimal diapazonda saxlamaq üçün unikal bir pəncərə yaradır. Valideynlər övladlarının sağlam qidalanma, fiziki aktivlik və yuxu vərdişlərini dəstəkləməklə yanaşı, siqaretdən uzaq durma mövzusunda da açıq və davamlı ünsiyyət qurmalıdırlar”.
Perak valideynləri uşaqlarının BKİ, qan təzyiqi, xolesterin və qan şəkəri səviyyələrini pediatrik müayinələrdə izləməyə təşviq edir. O, həmçinin vurğulayıb ki, erkən müdaxilə sağlam yetkinliyin əsas şərtidir. Lurie Children’s Xəstəxanasında fəaliyyət göstərən Preventiv Kardiologiya Proqramı bu istiqamətdə risk altında olan uşaqlara dəstək göstərir.
Tədqiqatçılar 2010–2021-ci illər arasında dərc olunmuş təxminən 500 araşdırmanı təhlil edərək aşağıdakı əsas nəticələrə gəliblər: Yüksək genetik risk və ya ailə tarixinə baxmayaraq, sağlam həyat tərzi infarkt ehtimalını əhəmiyyətli dərəcədə azalda bilər; Hamiləlik dövründə anaların ürək sağlamlığı yüksək olduqda, övladlarında yeniyetməlik dövründə ürək-damar pozuntusu riski təxminən 8 dəfə daha aşağı olur. Bununla belə, icmal bəzi tədqiqat boşluqlarına da diqqət çəkib. Hamiləlik dövründə ana və uşaqda ürək-damar sağlamlığının yaxşılaşdırılmasına dair tədqiqatların azlığı, eləcə də psixi sağlamlıqla bağlı göstəricilərin az işlənməsi bu sahədə əlavə araşdırmalara ehtiyac olduğunu göstərir. Valideynlər və səhiyyə işçiləri erkən yaşlardan etibarən profilaktik yanaşmanı prioritetləşdirməklə uşaqların sağlamlığını qorumağa və onların uzunmüddətli rifahına mühüm töhfə verə bilərlər.