Türkiyə Gürcüstanla ticarət dövriyyəsini ildə 5 milyard dollara çatdırmağı planlaşdırır
Türkiyə Gürcüstanla ticarət dövriyyəsinin həcmini artırmağı və bu göstəricinin indiki 3,5 milyard dollardan ildə 5 milyard dollara çatdırmağı hədəfləyir.
Bu barədə Tbilisidə keçirilən Türkiyə-Gürcüstan biznes forumunda çıxış edən Türkiyənin ticarət naziri Ömər Bolat bildirib.
Türkiyə Ticarət Nazirliyinin rəhbəri hökumətin Gürcüstanda həyata keçirdiyi islahatlar proqramını yüksək qiymətləndirib. “Qonşu Gürcüstanın nailiyyətləri Türkiyəni də sevindirir, birgə parlaq gələcəyə ümid verir”, - deyə Ö.Bolat vurğulayıb.
Türkiyəli nazir Gürcüstanın ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsi məsələsində Ankaranın sarsılmaz mövqeyini vurğulayaraq qeyd edib ki, “dost və qardaş dövlətlərin çiçəklənməsi və rifahının artması Türkiyə üçün vacibdir”.
Nazir daha sonra Türkiyə iqtisadiyyatının uğurlarına diqqət çəkib. “Türkiyə iqtisadiyyatının həcmi ötən ilin yekunlarına görə 1,3 trilyon dolları ötüb, 2024-cü ildə ÜDM artımı isə 3,2 faiz təşkil edib ki, bu da ölkəmizi OECD ölkələri arasında dördüncü, Aİ ölkələri ilə nisbətdə beşinci, G-20-də isə altıncı yerə gətirib çıxarıb”, - deyə nazir vurğulayıb.
Ö.Bolatın sözlərinə görə, bu gün Türkiyədə adambaşına düşən ÜDM 15 min dollardan çoxdur. “Əgər 2002-ci ildə Türkiyənin ixracının həcmi 36 milyard dollar təşkil edirdisə, keçən il 262 milyard dollarlıq göstərici qeydə alınıb. Yəni ixracat yeddi dəfədən çox artıb”, - deyə o davam edib.
Nazir qeyd edib ki, Türkiyənin müdafiə kompleksinin xaricə tədarük göstəriciləri xüsusi diqqətəlayiqdir. “Əgər 2002-ci ildə Türkiyə hərbi təyinatlı məhsulların sifarişçilərinə 248 milyon dollarlıq tədarük edibsə, bu ilin əvvəlinə bu göstərici 6,7 milyard dollara (26 dəfə artıb) çatıb. Türkiyənin hərbi-sənaye kompleksi şirkətlərinin yeni sifariş portfeli hər il 20 milyard dollar artırılır”, - deyə Ö.Bolat bildirib. Eyni zamanda, o, Gürcüstanın Orta dəhliz kontekstində əhəmiyyətini qeyd edib.