Səhiyyə Nazirliyi ilə “Pfizer” şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində “Pfizer” şirkətinin Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə rəhbəri Dmitriy Kozenkovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, səhiyyə naziri Teymur Musayev qeyd edib ki, koronavirus pandemiyası zamanı ölkəmizdə 4 tanınmış vaksin şirkətinin peyvəndləri tətbiq olunub. Bu vaksinlərdən biri də “Pfizer-BioNTech” şirkətinin istehsal etdiyi peyvənd olub. Ümumdünya Səhiyyə Təşkilatı “Pfizer-BioNTech” vaksinini təcili istifadə üçün təsdiqlənən vasitələr reyestrinə daxil edib.
Teymur Musayev, həmçinin ölkə əhalisinin sağlamlığı üçün əhəmiyyətli olan digər vaksinlərin Azərbaycanda tətbiqi məsələlərinin müzakirəsinə Səhiyyə Nazirliyinin hazır olduğunu diqqətə çatdırıb.
Görüşdə Dmitriy Kozenkov bildirib ki, Azərbaycan COVID-19 pandemiyanın başladığı ilk günlərdən mübarizədə özünəməxsus yol seçən ölkələr sırasında olub. Azərbaycan hökuməti koronavirus infeksiyasının yayılmasının qarşısını almaq, onun iqtisadiyyata və insanların sosial vəziyyətinə vurduğu zərəri aradan qaldırmaq üçün operativ və uğurlu tədbirlər həyata keçirib.
Görüşdə Səhiyyə Nazirliyi ilə “Pfizer” şirkəti arasında qarşılıqlı əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb, elmi-tibbi aspektlər müzakirə edilib.