Qızılağac Milli Parkında yanğın təhlükəsizliyinə dair nəzəri-praktiki tədbir keçirilib
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qızılağac Milli Parkı ilə birgə “Meşə fondu və xüsusi mühafizə olunan ərazilərdə baş verə biləcək yanğın hadisələrinə qarşı qabaqlayıcı tədbirlərin həyata keçirilməsi” mövzusunda nəzəri-praktiki tədbir keçirib.
Nazirliyin İctimaiyyətlə əlaqə idarəsindən verilən məlumata görə, tədbirin nəzəri hissəsində açıq ərazilərdə yanğın hadisələrinin baş verməməsi üçün qabaqlayıcı tədbirlərin görülməsinin əhəmiyyətindən danışılıb, yanğınla mübarizə istiqamətində maarifləndirmə işlərinin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb, birgə əməkdaşlığın daha da genişləndirilməsinə dair məsələlər müzakirə olunub.
Tədbirin praktiki hissəsində təbiət ərazilərində, o cümlədən meşə sahələrində yanğınların söndürülməsi və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib.