azturkxeber.az
http://azturkxeber.az

“O, təkcə mənim deyil, başqalarının da həyatını xilas edib”

17-07-2025

Ölümdən sonra orqan donorluğu — insanın bu dünyadan köçdükdən sonra başqa birinə həyat bəxş etməsi deməkdir. Donorun verdiyi ikinci həyat şansı sayəsində həyata qayıdan şəxslərdən biri də Kamal Qəmbərovdur.

Hər şey Kamalın səhhətində yaranan problemlərlə başlayıb. Halsızlıq, yorğunluq, bədəndə şişkinlik kimi əlamətlər artdıqca Kamal həkimə müraciət edib daha sonra müxtəlif analizlər və müalicə kursları keçib. Lakin vəziyyətində yaxşılaşma olmayıb, kreatinin göstəricisi normaya düşməyib. Ona hemodializ təyin olunub, lakin bu da uzunmüddətli həll deyildi. Kamalın həyatını yalnız böyrək transplantasiyası xilas edə bilərdi.

O, Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə müraciət edərək gözləmə siyahısına daxil edilib. Nəhayət, ümidverici xəbər gəlib – meyit donorun böyrəklərindən biri Kamala uyğun gəlib.

Kamal Qəmbərov Gömrük Hospitalında peşəkar həkim komandası tərəfindən nəzarətə götürülür və transplantasiya əməliyyatına hazırlıqlar başlayır. Cərrah Mircəlal həkimin rəhbərliyi ilə əməliyyat uğurla həyata keçirilir.

Hazırda Kamalın səhhəti stabildir. O, həyat tərzini tamamilə dəyişib, həkimlərin tövsiyələrinə ciddi şəkildə əməl edir:

“Əməliyyatdan sonra siqareti və digər zərərli vərdişləri tərgitmişəm. Sağlam qidalanıram, gündəlik rejimimə diqqətlə yanaşıram.”

Keçirdiyi bu təcrübə Kamalda orqan donorluğunun mənəvi dəyərini dərindən anlamağa səbəb olub:

“Mənim həyata qayıtmağıma səbəb olan donorun ruhuna hər gün rəhmət oxuyuram. O, təkcə mənim deyil, başqalarının da həyatını xilas edib. Mən də vəsiyyət etmişəm ki, nə vaxtsa dünyamı dəyişsəm, orqanlarım ehtiyacı olan insanlara verilsin. Bu, həyatın ən mənalı hədiyyəsidir. Eyni zamanda, Səhiyyə Nazirliyinə də bu istiqamətdə gördüyü işlərə görə təşəkkür edirəm”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031