azturkxeber.az
http://azturkxeber.az

Britaniyada inflyasiya 2024-cü ilin yanvarından bəri maksimum həddə çatıb

17-07-2025

Britaniyada inflyasiya 2024-cü ilin yanvarından bəri maksimum həddə çatıb

Böyük Britaniyada illik istehlak qiymətləri inflyasiyası gözlənilmədən artaraq iyun ayında son bir ilin ən yüksək həddi olan 3,6 faizə çatıb.

Bu barədə “Reuters” agentliyinə istinadla xəbər verir. Bu nəticə İngiltərə Bankının faiz dərəcələrini daha da azaltması ilə bağlı gözləntiləri bir qədər zəiflədib.

Milli Statistika İdarəsinin çərşənbə günü açıqladığı məlumatlara əsasən, illik istehlak qiymətləri indeksi yanvar ayından bəri ən yüksək göstəriciyə yüksəlib. Bu, “Reuters”in sorğusunda iştirak edən iqtisadçıların proqnozlarına zidd olub, belə ki, onlar inflyasiyanın may ayındakı 3,4 faizlik səviyyədə qalacağını gözləyirdilər.

Ötən ilin sentyabrında inflyasiya son üç ilin minimumu olan 1,7 faizə düşəndən sonra ardıcıl olaraq yüksəlməkdə davam edir. May ayında İngiltərə Bankı proqnozlaşdırmışdı ki, sentyabr ayında inflyasiya 3,7 faizə çatacaq ki, bu da mərkəzi bankın hədəf göstəricisi olan 2 faizdən təxminən iki dəfə çoxdur. Böyük Britaniyada inflyasiya digər iri inkişaf etmiş ölkələrlə müqayisədə ən yüksək səviyyədədir və ABŞ və ya avrozonadakı göstəricidən təxminən bir faiz bəndi çoxdur.

Məlumatların açıqlanmasından sonra funt-sterlinq dollar qarşısında bir qədər möhkəmlənib, beşillik dövlət istiqrazlarının gəlirliliyi son bir ayın maksimumuna çatıb. Maliyyə bazarları isə avqust ayında İngiltərə Bankının uçot dərəcəsini dörddəbir bənd endirəcəyi və ilin sonunadək daha bir dəfə azaldacağı ehtimalını qiymətləndirir.

Maydan iyuna qədər inflyasiyanın artmasına ən çox təsir edən amillər avtomobil yanacağının, təyyarə və qatar biletlərinin bahalaşması, həmçinin qida məhsulları, geyim, qırmızı şərab və pivə qiymətlərinin artması olub.

Qida məhsulları və spirtsiz içkilərin qiymətləri isə ötən illə müqayisədə 4,5 faiz bahalaşıb ki, bu da 2024-cü ilin fevralından bəri ən böyük artım hesab olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031