azturkxeber.az
http://azturkxeber.az

BMT idmanda gender zəminində ayrı-seçkiliyi aradan qaldırmağa çağırıb

17-07-2025

BMT idmanda gender zəminində ayrı-seçkiliyi aradan qaldırmağa çağırıb

Qadınlar arasında futbol üzrə Avropa çempionatı davam edərkən BMT-nin insan haqları üzrə Ali komissarı Volker Türk beynəlxalq ictimaiyyəti gender zəminində ayrı-seçkiliyi aradan qaldırmağa çağırıb.

Ali komissarın bəyanatında deyilir: “İdman meydançaları hələ də gender bərabərliyi səviyyəsindən uzaqdır. Son bir neçə ildə yüksəksəviyyəli qadın idman yarışları, xüsusən 2023-cü ildə qadınlar arasında FIFA Dünya Kubokunu bir milyard insanın izləməsi qadın idmanına qlobal şöhrət qazandırdı. Bu diqqət qadın idmanında stereotiplər və güc dinamikası haqqında mühüm müzakirələrə səbəb oldu”.

BMT qeyd edir ki, peşəkar kişi futbolçuların böyük klublarda ildə orta hesabla 1,8 milyon dollar qazandığı halda, analoji komandalarda oynayan qadın idmançılar orta hesabla 24 min dollar gəlir ələdə edirlər. Ən yaxşı klublarda olmayan orta statistik qadın idmançı bundan da az qazanır və onun illik gəliri təxminən 10,900 dollara çatır.

V.Türk əlavə edib: “Sabit gəliri olmayan qadınlar başqa işlərdə işləmək məcburiyyətində qalırlar ki, bu da onlara təlimə və təkmilləşdirməyə daha çox vaxt ayırmağa imkan vermir. İş yerində kifayət qədər müdafiə vasitələrinin olmaması, minimum müddətdə analıq məzuniyyəti və əməkhaqqı fərqi zərif cinsin nümayəndələrinə idmanla daha fəal məşğul olmağa mane olur. Peşəkar klub və federasiyaların rəhbərliyində də qadınlar çox az təmsil olunurlar. Belə ki, 31 federasiyadan yalnız 3-nə qadınlar sədrlik edir. Bu acınacaqlı statistikaya baxmayaraq, bəzi federasiyalar dəyişikliklərə, analıq və övladlığa götürmə məzuniyyətini təsdiqləməyə və əməkhaqqı müqavilələri bağlamağa başlayıb”.

Ali komissar üzv dövlətləri əməkhaqqı bərabərliyini təşviq edən və idmanda zorakılıq , təqib hallarının məhkəməyə verilməsini təmin edən hərtərəfli ayrı-seçkiliyə qarşı sistemlər qurmağa çağırıb. O, həmçinin bildirib ki, media qadınların idmanda uğur hekayələrinin işıqlandırılmasının dəqiq və etik olmasını təmin etməklə, həm də bu problemlərin həllinə töhfə verə bilər. “İdman sosial dəyişikliyə səbəb ola və hamı üçün ədalət, hörmət və bərabər imkanları təşviq edə bilər. Bu gün qadınların və qızların inkişaf edə biləcəyi idman dünyasının çempionu olmalıyıq” -deyə V.Türk sözlərini yekunlaşdırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031