Almaniyada XVIII əsrə aid tarixi qəsrə traktor qəzası nəticəsində ziyan dəyib
Almaniyanın Türingiya əyalətinin Oppurq qəsəbəsində 18 yaşlı traktor sürücüsünün törətdiyi qəza nəticəsində XVIII əsrə aid tarixi qəsrə ziyan dəyib.
1705-ci ilə aid qəsrin barokko üslubunda tikilmiş tarixi divarının 15 metrlik hissəsi qəza nəticəsində uçub. İlkin hesablamalara görə, hadisə nəticəsində təxminən 200 min avro dəyərində maddi ziyan dəyib.
Ötən il mehmanxana kimi fəaliyyətə başlamış Oppurq qəsrinin sahibi bildirib ki, hadisə otelin fəaliyyətinə təsir etməyib və qonaqların qəbulu davam edir. Qəza nəticəsində xəsarət alan olmayıb.
Ovçuluq iqamətgahı kimi inşa olunan Oppurq qəsri 1998-ci ildə əsaslı təmir edilib.